“Dırnaqarası həkimlər təkcə səhiyyə sistemimiz üçün deyil, cəmiyyətin təhlükəsizliyi üçün də böyük təhdiddir” — AÇIQLAMA

GÜNDƏM 21 may 2025, 18:07
Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan zərərvurmaya görə cəzalar sərtləşdirilir. Layihəyə əsasən, sözügedən hallara görə şəxsin sağlamlığına az ağır ziyan vurulduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu cəzalar ölkədə abortun qarşısını ala biləcəkmi?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, insan həyatı ilə əlaqədar verilən bütün qərarlar cəmiyyət tərəfindən ciddi məsuliyyət və diqqətlə qarşılanmalıdır:

“Xüsusilə son illərdə həkim səhlənkarlığı və qeyri-peşəkar tibbi müdaxilələr nəticəsində həyatını itirən insanların sayının artması, cəmiyyətdə səhiyyə sisteminə, xüsusilə də həkimlərə qarşı güvənsizlik yaradıb. Hətta ali təhsili, tibbi savadı olmayan şəxslər özlərini “həkim” kimi təqdim edərək insan orqanizminə müdaxilə edirlər. Mətbəxdə belə əməliyyat icra edən bu dırnaqarası həkimlər təkcə səhiyyə sistemimiz üçün deyil, cəmiyyətin təhlükəsizliyi üçün də böyük təhdiddir. Hətta bu şəxslər barəsində tədbirlər görülsə də, çox zaman bu tədbirlər xəbərdarlıq və ya lisenziyanın müvəqqəti ləğvi ilə yekunlaşır. Təəssüf ki, ölümə səbəb olmuş şəxslərin belə daha sonra həkimlik fəaliyyətini davam etdirdiyi hallar müşahidə olunub. Abort məsələsində də vəziyyət ürəkaçan deyil. Azərbaycanda abortların həyata keçirilməsi ilə bağlı ciddi nəzarət mexanizmlərinin olmaması özbaşınalıq yaradıb. Məsələn, abort üçün qadının həyat yoldaşından razılıq almaq öhdəliyi yoxdur”. 

Sosioloq əlavə edib ki, halbuki doğulacaq uşağın taleyi ilə bağlı qərarda hər iki valideynin hüququ nəzərə alınmalıdır:

“Qanunvericiliyə əsasən, 13-cü həftədən sonra yalnız müəyyən hallarda, məsələn, ananın həyatına təhlükə olduğu halda aborta icazə verilir. Lakin bir çox hallarda bu qaydalara əməl olunmur. Selektiv abortların qarşısının alınması üçün qanunun ciddi tətbiqi vacibdir. Digər mühüm məsələ isə kontraseptiv vasitələrin əlçatanlığıdır. Əgər qadınlara ildə bir dəfə və ya hər altı ayda bir dəfə kontraseptiv vasitələr pulsuz təqdim olunsa, bu, istənilməyən hamiləliklərin və abortların sayını əhəmiyyətli dərəcədə azalda bilər. Çünki abort üçün ödənilən məbləğə müqabil olaraq qadın 2-3 il ərzində kontraseptiv istifadə edə bilər. Təəssüf ki, bir çox qadın kontraseptivlərə üstünlük vermək əvəzinə mütəmadi abortu daha rahat çıxış yolu hesab edir. Abort əgər tibbi zərurət yoxdursa, əxlaqi və insani baxımdan qəbulolunmaz bir addımdır. Bu sahədə həkimlərin məsuliyyətli davranışı, qadınların maarifləndirilməsi və dövlət tərəfindən müvafiq tədbirlərin görülməsi abort statistikasının aşağı salınmasına kömək edə bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top