Baş redaktor: "Qabiliyyət imtahanı əlavə yükdür"

GÜNDƏM 20 may 2025, 14:18
"Jurnalistika ixtisasına qabiliyyət imtahanının keçirilib-keçirilməməsi uzun müddətdir müzakirə olunur və iki fərqli yanaşma ilə hamımız tanışıq. Hər iki tərəfi haqlı hesab etmək olar. Burada əsas məsələ jurnalistikaya hansı prizmadan baxmaqdır. Jurnalistika təkcə təhsil və ya istedad , bacarıq məsələsi deyil, bunların ikisinin vəhdətidir. Bu baxımdan qabiliyyət imtahanının lazım olub-olmaması müzakirə olunur".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 

O bildirib ki,  bir məsələni nəzərə almaq lazımdır ki, jurnalistikaya qəbul da başqa ixtisaslar kimi test üsulu ilə aparılır və digər ixtisaslar kimi jurnalsitikaya da müvafiq bal toplayan abituriyentlər qəbul olunur:

"Bu baxımdan jurnalistikanı başqa ixtisaslardan ayırmaq məntiqi nədir, o, aydın deyil. Tutaq ki, riyaziyyatçı olmaq istəyənin tənliyi necə və hansı üsulla həll etməsi, yaxud tibb sahəsinə qəbul olunanların iynə vurub-vura bilməməsi yoxlanılırmı? Təbii ki, yox. Müasir texnologiyalar dövründə jurnalistika da rəqəmsallaşır. Onda gərək nitq, rəqəmsal biliklər də yoxlanılsın.
İndi vətəndaş jurnalistikası dediyimiz sahə sürətlə inkişaf edir. Sosial platformalarda hamı çəkir, yazır, paylaşır. Blogerlik, vlogerlik sürətlə yayılır. Ənənəvi jurnalsitika onunla ayaqlaşmaq da çətinlik çəkir. Bu baxımdan jurnalistikada qabiliyyət imtahanından çox, qəbul olunanların təhsillə yanaşı peşə etikasına riayət etmələri, həqiqətə sadiq və qərəzsiz olmalı öyrədilməlidir. Təhsil alan istedadlı, ixtisasa həvəsli olanlar, yazmağı, danışmağı bacaranlar bu sahədə qalacaq, işləyəcək. Həvəsi olmayanlar, təsadüfi adamlar isə ali təhsil alsa da, bu sahədə özlərini görmədiklərindən başqa sahələrə yönələcəklər. Qabiliyyət imtahanı hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi üçün də əlavə yükdür. Ümumiyyətlə, bütün sahələrdə qəbul sadələşməlidir, oxumaq isə yox. Universitetlər öz işlərini yetişdirdiyi mütəxəssisin nəzəri və praktiki bilik sahibi olması istiqamətində qurmalıdır. Əsas məsələ biliyi şüar kimi dediyimiz mejara çevirməkdir".

Qeyd edək ki, bu gün qabiliyyət imtahanları üçün qeydiyyat başlayıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top