
"Dünyanın gözü və qulağı hazırda İstanbuldadır. Türkiyə Atatürkün göstərdiyi yolla, "Yurdda sülh, dünyada sülh" prinsipi ilə regionda sülhü müdafiə edən dövlətdir. Rusiya-Ukrayna müharibəsi başlayan kimi Türkiyə əlindən gələn bütün səyləri göstərib".
Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, "İMZA" İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç İstanbulda Rusiya-Ukrayna danışıqlarını Oxu.Az-a şərh edərkən deyib.
O xatırladıb ki, tərəflər Türkiyədə iki dəfə görüşüb, lakin bu görüşlərdən konkret nəticə əldə olunmayıb:
"Müharibənin davam etdiyinin şahidi oluruq. Bu müharibədə minlərlə günahsız insan həyatını itirib. Onminlərlə ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb. Şəhərlər viran qalıb, binalar dağıdılıb. Müasir dövrdə eyni kökdən gələn iki xalqın bir-birini məhv etməyə çalışması son dərəcə kədərlidir".
Regional güc olaraq Türkiyənin sülhü ən çox arzulayan ölkələrdən biri olduğunu söyləyən H.Kılıç bildirib:
"Prezident Rəcəb Tayyib Ərdoğanın dünya liderləri arasında olması sülhə olan ümidləri artırıb. Bu gün Somali ilə Sudan arasındakı mübahisələrə son qoyan, İraqda sülhü bərqərar etməyə çalışan, Suriyada əmin-amanlıq və sabitlik üçün çalışan Türkiyə var. Ukrayna və Rusiya Türkiyənin həm yaxın müttəfiqləri, həm də Qara dəniz üzrə qonşularıdır. Bu səbəbdən sözügedən müharibə bizi regional ölkə olaraq yaxından maraqlandırır.
Türkiyə bu müharibədə neytral mövqe nümayiş etdirərək, Rusiyaya qarşı tətbiq edilən embarqolara qatılmadı, Ukraynaya humanitar yardım göstərməyə davam etdi və edəcək. Məlum olduğu kimi, bu gün Ukrayna Prezidenti Zelenski Ankaraya gələrək prezidentimizlə görüş keçirib. Bütün gözlər İstanbuldakı danışıqlara dikilib. Ümid edirik ki, bu görüşlər uğurlu olacaq. Amma aydındır ki, hər iki tərəf çox fərqli baxışlara malikdir, bu baxışları bir-birinə yaxınlaşdırmaq asan görünmür. Ona görə də bu görüşdən sonra dərhal sülhün əldə ediləcəyini gözləmək düzgün olmazdı. Türkiyə sülhün təmin edilməsi üçün hər cür səy göstərməyə davam edəcək.
Tərəflərdən gözləntimiz odur ki, bir-birini ittiham etməkdənsə, öz fikirlərini bir-birinə yaxınlaşdırsınlar. Bu müharibə təkcə regional deyil, həm də qlobal miqyasda sabitliyi və sülhü pozub. Türkiyə kimi Azərbaycan da sülhün tərəfdarıdır. Azərbaycan da bu müharibədə bitərəf qalıb və Ukraynaya çoxlu humanitar yardım göstərib".