
"Rusiya ilə dialoq üçün ultimatum dilindən istifadə etmək olmaz".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə çıxışı zamanı Moskvanın Ukraynada atəşi dayandırmaqdan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni Avropa sanksiyalarının tətbiqi təhlükəsini şərh edərkən deyib.
"Ultimatum dili Rusiya üçün qəbuledilməzdir, uyğun deyil. Rusiya Federasiyası ilə belə bir dildə danışmaq olmaz", - deyə Kreml nümayəndəsi vurğulayıb.
O, həmçinin xatırladıb ki, Rusiya artıq mayın 10-da oxşar təhdidlər alıb və o zaman da bunlar "kifayət qədər ultimatum formasında" təqdim edilib. Həmin gün Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, həmçinin Böyük Britaniya və Polşanın baş nazirləri Kir Starmer və Donald Tusk Kiyevə səfər ediblər və burada Ukrayna tərəfi ilə danışıqlar zamanı mayın 12-dən 30 günlük atəşkəs təklif ediblər.
Mayın 12-də Almaniya hökuməti bəyan edib ki, Rusiya Avropa və Ukraynanın təklif etdiyi atəşkəsdən imtina edərsə, Aİ Rusiyaya qarşı əlavə sanksiyalar hazırlamağa başlayacaq.
Rusiya Prezidenti Vladimir Putin də öz növbəsində mayın 11-nə keçən gecə Kremldə jurnalistlər qarşısında çıxışı zamanı Kiyev hakimiyyətinə 2022-ci ildə onlar tərəfindən dayandırılan birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Dialoqa mayın 15-də İstanbulda başlanılması təklif edilir.