"İstəyir AYNA-nı ləğv edib, yeni nazirlik yaratsınlar..." — Partiya sədri TƏNQİD ETDİ

GÜNDƏM 12 may 2025, 16:50
“Nə qədər ki, planlı, peşəkar yanaşma yoxdur, Bakının nəqliyyat problemi belə qalacaq. İstəyir AYNA-nı ləğv etsinlər, təzədən nazirliyə qaytarsınlar, yeni nazirlik yaratsınlar, düzəlməyəcək. Struktur və şəxslərin bir önəmi yoxdur”.

Bunu Demokrat.az-a açıqlamasında “Ağ Partiya” sədri Tural Abbaslı deyib. O bildirib ki, Bakı çox plansız şəkildə böyüyür və əhalisi artır, şəhərin nəqliyyatı da bu plansız böyüməyə və əhali artımına cavab verə bilmir. Aidiyyəti qurumlar da bunu tənzimləyə bilmirlər:

“Bundan əvvəl BNA idi, indi AYNA-dır, əvvəl Nəqliyyat Nazirliyi idi. Müxtəlif qurumlar yaradılır, köhnələr ləğv olunur, qurumların səlahiyyətləri başqa nazirliklərə verilir. Amma yenə də tıxaclar, ictimai nəqliyyatda sıxlıq, taksi fəaliyyətinin tənzimlənə bilməməsi kimi problemlər qalır. Bir Bakı sakini gününün 4-5 saatını yollarda keçirməli olur və bu, ciddi problemdir”.

Partiya sədri qeyd edib ki, aidiyyəti qurumların bu məsələyə yanaşması strateji deyil, konseptual yanaşma yoxdur:

“Baxırlar, məsələn, Ukrayna dairəsində problem var, onu həll edirlər, filan keçiddə problem var, onu edirlər. Bu, belə olmalı deyil. Konseptual yanaşılmalıdır, böyük bir plan olmalıdır. Gördüyümüz odur ki, vəzifə başında bu sahədə peşəkarlar yoxdur, ixtisaslı, peşəkar kadrlar da bu işə cəlb olunmur. Müəyyən ölkələrdən mütəxəssislər gətirib konseptual plan hazırlamaq olar, amma cari problemləri həll etməklə məşğuldurlar. Nə qədər ki, planlı, peşəkar yanaşma yoxdur, bu belə qalacaq. İstəyir AYNA-nı ləğv etsinlər, təzədən nazirliyə qaytarsınlar, düzəlməyəcək”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top