"Deputat seçkilərində ana dilində danışa bilməyənlərin parlamentə seçilə bilməməsi irəli sürülə bilər" — Qulu Məhərrəmli

GÜNDƏM 09 may 2025, 18:17
"Milli Məclis deputatlarının dil sertifikasiyasına cəlb olunmasını günümüz üçün aktual hesab etmirəm. Onlar onsuz da parlamentdə çıxış edirlər. Aralarında yaxşı danışan, pis danışan, yaxşı danışmağı öyrənməyə çalışan, heç danışmayanlar var. Bu məsələ ətrafında ajiotaj yaratmaq mənə görə doğru deyil".

Bu sözləri Demokrat.az-a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoru  Qulu Məhərrəmli deyib. 

O bildirib ki, sertifikasiyadan aşağı və ya yuxarı bal almaq onların fəaliyyətinə heç bir mənada təsir göstərməyəcək:

"Bu məsələlərdə şou havası gəlir. Parlamentdə bəzi rusdilli, ancaq faydalı işlər görən deputatlar var. Dil sertifikasiyasına xüsusi ehtiyac görmürəm. Onların hər biri anlamalıdır ki, Azərbaycan dilində gözəl danışmalı, nitq mədəniyyətinə sahib olmalı, fikirlərini sərbəst ifadə etməli, xalqın anlayacağı dildə danışmalıdırlar. Gələcək deputat seçkilərində xüsusi şərt kimi ana dilində danışa bilməyənlərin parlamentə seçilə bilməməsi irəli sürülə bilər. Bu, daha effektiv olar, nəinki indi sertifikasiya tamaşası düzəltmək".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top