Qardaş ölkəyə qarşı savaş açmaqda kimlər maraqlıdır? — DETALLAR

GÜNDƏM 08 may 2025, 15:30
“Hindistan və Pakistan arasında baş verən bu münaqişə, əslində, ABŞ–Çin rəqabətinin nəticəsidir. Bir tərəfdə ABŞ-ın geosiyasi maraqları, digər tərəfdə isə Çinin iqtisadi maraqları dayanır”. 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, mövcud vəziyyətdə Hindistanı dəstəkləyən tərəf ABŞ-dir:



“Yaxın Şərqdə ABŞ-nin dəstəklədiyi İsrail var, Çinin isə dəstəklədiyi Pakistan. Çünki Hindistan ərazisində süni şəkildə törədilən terror aktından dərhal sonra ABŞ prezidenti Hindistanı dəstəklədiyini, Çin isə Pakistanı dəstəklədiyini bəyan etdi. Belə bir şəraitdə Hindistan ABŞ-yə arxalanaraq bəzi problemlərini həll etmək istədi. Guya Pakistanın terror törətməsini əsas gətirərək Kəşmir və digər məsələləri həll etməyə cəhd etdi. Lakin bu, nəticə vermədi. Qardaş Türkiyə dərhal Pakistana dəstək verdi və rəsmi bəyanatla çıxış etdi. Ardınca Azərbaycan da bəyanat verdi. Ona görə də bu prizmadan baxanda, kimlərin bu məsələdə maraqlı olduğu aydın şəkildə görünür”.

Politoloq qeyd edib ki, Hindistan, ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq və Kəşmir problemini həll etmək məqsədilə ABŞ-yə güvənərək hərbi güc tətbiq etmək istədi, lakin bu xəyalı suya düşdü:

“Çünki ABŞ prezidenti Donald Tramp Hindistanı müdafiə etməyəcəkdi. O, Pakistanın tək olmadığını yaxşı anlayır. Məhz buna görə də Türkiyə dərhal dəstəyini ifadə etdi.

Hazırda real hərbi əməliyyatlar gedir və bu, hava, raket və artilleriya hücumları ilə müşayiət olunur. Pakistana dronlar və qırıcı təyyarələrlə hücum edilib. 80-ə yaxın qırıcı təyyarə iştirak edib. Lakin Pakistan əvvəlcədən müəyyənləşdirilmiş konkret kəşfiyyat məlumatları əsasında nə qədər hazırlıqlı olduğunu nümayiş etdirdi və Hindistana ciddi itkilər verdirdi”. 

Politoloq son olaraq bunun genişmiqyaslı müharibəyə çevriləcəyini gözləmədiyini qeyd edib. 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 20:32
Top