Moskvada Qələbə paradında 29 xarici liderin iştirak edəcəyi gözlənilir

DÜNYA 07 may 2025, 09:48
İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Moskvadakı paradda 29 xarici ölkə başçısının iştirakı gözlənilir.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Mayın 9-da keçiriləcək paradda 13 ölkənin hərbçiləri iştirak edəcək. Bundan əlavə, 31 ölkənin müdafiə nazirliklərindən nümayəndə heyətlərinin gəlməsi gözlənilir.

Uşakovun sözlərinə görə, Moskvaya Rusiyada akkreditə olunmuş bütün diplomatik missiyaların rəhbərləri və bir sıra ölkələrin müdafiə qurumlarının rəhbərləri dəvət olunub. Mayın 8-də axşam Kremldə xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri üçün təntənəli qarşılanma mərasimi keçiriləcək.

Rusiya Prezidenti Vladimir Putin və xarici liderlər mayın 9-da Aleksandr bağında Naməlum Əsgər məzarı önünə əklil qoyacaqlar. Tədbirlərdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq qurumların baş katiblərinin də iştirakı nəzərdə tutulur.

Uşakov əlavə edib ki, Çin Xalq Respublikasının sədri Si Cinpinin Moskvaya səfəri çərçivəsində tərəflər iki birgə bəyanat qəbul edəcək və mətbuat üçün çıxış edəcəklər. Danışıqlarda əsas diqqət enerji tərəfdaşlığının inkişafına və Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin genişləndirilməsinə yönələcək. Bundan başqa, sentyabrın əvvəlində Vladimir Putinin Çinə rəsmi səfəri planlaşdırılır.

Qələbə paradında həmçinin, ABŞ və İsraildən olan veteranların da iştirakı nəzərdə tutulur. ABŞ-ın Rusiyadakı səfiri Linn Treysiyə də parad üçün dəvət göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 00:21
Top