Gəlin baldız arasında DAVA

KRİMİNAL 02 may 2025, 18:39
Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Əsmər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı arvadı Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 dekabr 2024-cü ildə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. 

Naxçıvan Muxtar Respublikasının sakini Əsmər həmin gün saat 15 radələrində qardaşının həyat yoldaşı Ləmanın yaşadığı Şuşa şəhərciyində nömrəsiz ünvanda yerləşən evinin qonaq otağında onunla kobud danışması  səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun alın, üz, boğaz, hər iki əl və qol nahiyyələrindən bir neçə dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsmər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, özü ailəsi ilə birgə yaşayır: “Anam Nəsibə qardaşımın ailəsi ilə birlikdə yaşayır. Anam ilə gəlinimiz Ləmanın münasibətləri yaxşı  olmadığı üçün mütəmadi olaraq aralarında mübahisələr yaşanır. Bu yaxınlarda onların  arasında yenə də mübahisə olub. Buna görə də Ləmanla söhbət etmək üçün onların evinə getdim. Həmin tarixdə təxminən saat 15 radələrində  onların yaşadığı evin qonaq otağında olarkən Ləmana öz iradlarımı bildirdim. Ləman mənimlə kobud danışmağa başladı. Aramızda mübahisə yarandıqda tutuşduq. Həmin zaman Ləman əli ilə qolumdan və sinəmdən vurduqda cavab olaraq əlim ilə onun alın, üz, boyun, hər iki əl və qol nahiyyələrindən zərbələr vurdum”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsmər 15 faiz dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top