Rusiya-Ukrayna müharibəsində nüvə silahı tətbiq oluna bilər? — ŞƏRH

GÜNDƏM 30 aprel 2025, 13:13
“Hazırda Rusiya-Ukrayna müharibəsində nüvə silahından istifadə olunması planı real görünmür. Belə bir ssenari yalnız o halda mümkündür ki, Avropa dövlətləri Ukrayna tərəfdən münaqişəyə fəal şəkildə hərbi müdaxilə etsin və müharibə genişlənərək birbaşa Rusiya ilə NATO arasında qarşıdurmaya çevrilsin. Bu halda nüvə silahının tətbiqi riski artar”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O deyib ki, hazırkı mərhələdə isə belə bir ssenarinin baş vermə ehtimalı çox azdır:

“Çünki Avropa ölkələri, xüsusilə də ABŞ, müəyyən mənada Rusiya ilə qarşıdurmadan yayınmağa çalışır. Bu da bir sıra Avropa dövlətlərini ehtiyatlı olmağa vadar edir. 

Digər tərəfdən, ABŞ administrasiyası Ukraynadakı Kiyev rəhbərliyinə təzyiq göstərərək, onları Donald Trampın təklif etdiyi sülh planına razı salmağa çalışır”. 



Politoloqun sözlərinə görə, əslində, bu, proses nüvə qarşıdurmasından qaçmaq üçün atılan addım kimi qiymətləndirilə bilər:

“Ümumiyyətlə, tərəflər hazırda qarşılıqlı olaraq bir-birinə qarşı istifadə edə biləcəyi kifayət qədər hərbi resursa malikdir və bu, nüvə qarşıdurmasının qarşısını alır. Nüvə müharibəsi ehtimalı Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər ki, bu da nə Rusiya, nə Ukrayna, nə də Avropa ölkələri üçün məqbul ssenari deyil. 

ABŞ isə bu təhlükəni gündəmə gətirməklə daha çox diplomatik üstünlük qazanmağa və atəşkəsə nail olmağa çalışır”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top