"Çindən gələn turistlərin sayını daha da artıra bilərik" — Ekspert

GÜNDƏM 29 aprel 2025, 17:44
“Çindən Azərbaycana turist axınının artması ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımlar çərçivəsində Çin vətəndaşlarının Azərbaycana vizasız səfər imkanlarının genişləndirilməsi ilə yanaşı, birbaşa aviareyslərin sayı və tezliyi də artırılır. Bütün bu tədbirlər Çindən gələn turistlərin sayına müsbət təsir göstərməkdədir”.

Bunu turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, ötən ilin birinci rübü ilə müqayisədə Çindən Azərbaycana gələn turistlərin sayı 1,8 dəfə artıb:

“Bu artım tendensiyası göstərir ki, gələcəkdə say daha da çoxalacaq. Çin dünyada turizm xərcləri üzrə birinci yeri tutur. 2019-cu ilin yəni, COVİD-dən əvvəlki statistikaya görə, çinlilər turizmə 250 milyard dollardan çox vəsait xərcləyiblər. Çinli turistlər çoxlu səyahət edir, qrup halında gəzir və alış-veriş etməyi sevirlər. Bir çox ölkələr buna görə Çindən daha çox turist cəlb etmək istəyirlər. Azərbaycan da bu strategiyanı tətbiq etməklə Çindən gələn turistlərin sayını artıra bilər. Bunun üçün viza prosedurlarının sadələşdirilməsi, birbaşa uçuşların artırılması çox vacibdir”.

Ekspert əlavə edib ki, bu addımlar turistlərin sayına müsbət təsir göstərəcək:

“Son dövrlərdə Azərbaycan ilə Çin arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin gücləndiyi müşahidə olunur. Keçən il Çin vətəndaşları üçün Azərbaycana vizaların asanlaşdırılması bu əməkdaşlığa əlavə təkan verdi və nəticədə iki ölkə arasında qarşılıqlı əlaqələr daha da intensivləşdi. Həmin ildən etibarən, xüsusilə çinli turistlərin ölkəmizə səfərlərində nəzərəçarpacaq artım qeydə alındı. Bu il isə Azərbaycan vətəndaşları üçün viza rejiminin tamamilə aradan qaldırılması, şübhəsiz ki, iki ölkə arasında gediş-gəlişlərin sayına və ümumi əməkdaşlığa müsbət təsir göstərəcəkdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 19:30
Top