"Bu münasibətləri hazırkı dönəmdə inkişaf etdirmək önəmlidir" — RƏY

GÜNDƏM 28 aprel 2025, 17:58
“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Son dövrlər İran və Azərbaycan arasında münasibətlərin inkişafı üçün çox yaxşı zəmin formalaşmışdır. Çünki İranda Azərbaycan əsilli prezidentin hakimiyyətə gəlməsi də ikitərəfli münasibətlərin inkişafı üçün bir fürsət kimi qiymətləndirilməlidir”. 

Bunu politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında deyib.

O qeyd edib ki, iki dövlət arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar, mədəni istiqamətlər üzrə münasibətlərin inkişafı üçün yaxşı perspektivlər var:

“Bununla yanaşı olaraq Azərbaycan-İran sərhəddində “Qız Qalası” və “Xudafərin” hidroqovşağının istifadəyə verilməsi alternativ və bərpa olunan enerji sahəsində, yaşıl enerji müstəvisində, eləcə də kənd təsərrüfatında münasibətlərə təkan verən amildir.  Məhz bu səfər çərçivəsində imzalanan sənədlər ikitərəfli münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldıra bilər. İrana münasibətlərdə hər zaman mehriban qonşuluq siyasəti prizmasından yanaşmışıq”.

Politoloqun sözlərinə görə, bu səfər kontekstində də siyasi sahədə olan bir sıra ziddiyyətlər aradan qaldırılacaq:

“Dövlətlərarası münasibətlərinin inkişafını izləyə bilərik. Eyni zamanda Pezeşkianın Azərbaycana olan münasibəti və bu istiqamətdə bəyanatları, açıqlamaları da hesab edirəm ki, müsbət impuls verməkdədir və İran ilə Azərbaycan arasında tarixən dostluq və mehriban qonşuluq siyasəti çərçivəsində münasibətlər formalaşmışdır. Bu münasibətləri hazırkı dönəmdə inkişaf etdirmək önəmlidir”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top