Eldar Əzizovun yağış suları ilə bağlı layihəsindən BŞİH-in və ADSEA-nın xəbəri yoxdur — RƏSMİ

GÜNDƏM 26 aprel 2025, 10:33
Bir müddət əvvəl intensiv yağışlar üzündən paytaxtdakı tunellər dolub təkrar təhlükəli vəziyyət yaratdı. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yerli KİV-lərin bu yöndəki suallarına cavab verərkən bildirdi ki, rəhbərlik etdiyi qurum Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarəsinə sorğu ünvanlayıb:

"Qurumdan bildiriblər ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək”.

Maraqlıdır, bu layihə necə adlanır və onun icrasına nə zamandan başlanılacaq? Yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi paytaxtdakı problemli ərazilərə tətbiq ediləcək, yoxsa bütün paytaxtda həyata keçiriləcək? Bəs bütün bu işlərə nə qədər vəsait lazım olacaq?

Bu suallara cavab almaq üçün olaraq Bakı şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinə müraciət etdik.

Qurumun mətbuat katibi Mətin Hüseynov Bizim.Media-ya bildirib ki, sözügedən layihə haqda məlumat verə bilməyəcəklər:

“Yaxşı sualdır. Amma bunun cavabı bizdə deyil. Bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarəsindən soruşun. Bu, bizim birgə layihəmiz deyil. Bizdə yalnız o məlumat var ki, onlar belə bir layihə hazırlayırlar. Detallar haqda sualları onlara ünvanlayın”.

Eyni sualı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarəsinin mətbuat xidmətinə də ünvanladıq. Məlum oldu ki, onlar da Eldar müəllimin hansı layihədən bəhs etdiyini bilmirlər.

Qurum sözçüsü Ceyhun Musaoğlunun açıqlamasını olduğu kimi təqdim edirik:

“Hansı layihədən söhbət gedir, mən bilmirəm. Bizdə Eldar Əzizovun dediyi layihə ilə bağlı məlumat yoxdur. Mən bu haqda soruşmuşam, amma dəqiqləşdirə bilməmişəm. İndi gedib layihə institutuna desəm, soruşacaqlar ki, layihənin adı nədir? Müəllifi kimdir? Söhbət hansı layihədən gedir? Çünki burda min cür layihə var. Mən bilmirəm, konkret hansı layihədən danışılır.
 

Əgər söhbət Milli Strategiya Layihəsindən gedirsə, bəli, orda hər şey var. O layihə yalnız Bakını deyil, bütün respublikanı əhatə edir və su təchizatını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Amma Eldar müəllimin dediyi hansıdır, biz bilmirik. Yaxşı olar ki, siz zəng edin, onlardan soruşun ki, Eldar müəllimin dediyi layihə hansıdır?”.


Belə...
Cavablardan anladıq ki, ya paytaxtın ən vacib problemlərini həll edən iki strukturun bir-birindən xəbəri yoxdur, ya da verilən açıqlamalar gözə kül üfürmək üçündür.Əks halda qurumların dil tapıb danışması üçün dilmanca gərək olmazdı. Kommunikasiyanın, rabitənin bu qədər irəlilədiyi vaxtda qurumlar səlahiyyət sahiblərinin verdiyi vədlərdən xəbərdar olardı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 aprel 2025, 16:53
Top