Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başa çatdı — FOTOLAR

MƏDƏNİYYƏT 25 aprel 2025, 09:45

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qırğızıstanda ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 24-də K.Moldobasanov adına Qırğız Milli Konservatoriyasında Azərbaycan incəsənət ustalarının təqdimatında caz musiqisi axşamı keçirilib.

Konsertdən öncə çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Timurlan Ajımaliyev mədəniyyət günlərinin uğurla reallaşması münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik edib. O, qarşılıqlı mədəniyyət günlərinin qardaş xalqlarımızı daha da yaxınlaşdırdığını bildirib. 

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov tədbirlərin yüksək səviyyədə keçirilməsinə görə Qırğızıstan hökumətinə və tamaşaçılara minnətdarlığını bildirib. Ölkəmizin Bişkekdəki səfiri Lətif Qəndilov Azərbaycan və Qırğızıstan arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib. Qeyd edib ki, iki ölkənin liderləri qardaş xalqlarımızın birliyi və bərabərliyi üçün böyük səy göstərirlər.

Səfir də Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin rəhbərliyinə təşəkkür edib.

Çıxışlardan sonra səhnə musiqiçilərimizin ixtiyarına verilib.

Cazmenlər Elbəy Məmmədzadə (piano), Saleh Məmmədov (bas-gitara) və Eyvaz Həşimov (zərb aləti) A.Məlikovun "Güllərim", T.Quliyevin "Sən mənimsən" və "Qəmgin mahnı", D.Reevesin "Tango", E.Məmmədzadənin "Mikayılın rəqsi", J.Bizenin "Karmen" operasından musiqi, V.Mustafazadənin "Bahar" əsərlərini və "Yallı" Azərbaycan xalq rəqsini yüksək peşəkarlıqla ifa ediblər. 

Musiqiçilərin məharətli çıxışı Azərbaycan caz sənətinin köklü ənənələri olduğunu tamaşaçılara nümayiş etdirib.

Filarmoniyanın zalını dolduran tamaşaçılar konsertdən böyük zövq alıblar. Onlar bunu sürəkli alqışları ilə də nümayiş etdiriblər.

Bununla da, ulu türk yurdu Qırğızıstanda dörd gün davam edən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng proqramı ilə qardaş xalqın yaddaşında silinməz iz qoyub.

 






SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top