Gəlin qayınata və qayınanasını təhqir etdi, əri isə ...

KRİMİNAL 24 aprel 2025, 18:42
Neftçala rayonunda 1986-cı il təvəllüdlü Tural ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naziləyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 7-də Neftçala rayonunun kəndində baş verib. Tural həmin gün saat 09.00-da yaşadıqları evdə aralarında baş vermiş ailə-məişət mübahisəsi zəminində arvadı Nazilənin üz nahiyəsinə yumruqla vurub. Onu döyməsi nəticəsində qadın xəsarət alıb. 

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Neftçala rayonunun kəndində yaşayır: “Zərərçəkmiş Nazilə mənim arvadımdır. Onunla 2014-cü ildən evlinmişəm. Birgə nikahımızdan 1 uşaq doğulub. Anam Tamara bizimlə birlikdə yaşayır və gözdən 1-ci qrup əlildir. Arvadım anamı incidir və onun sözünə baxmır”. 

Tural qeyd edib ki, yanvarın 6-da, saat 21 radələrində atası İslama mobil telefon vasitəsilə zəng edib evə nə lazım olduğunu soruşub: “Bu zaman arvadım Nazilənin atamın və anamın üstünə qışqırdığını eşitdim. Evə gəldikdən sonra Nazilədən valideynlərimin üstünə hansı səbəbdən qışqırdığını soruşdum. Nazilə yaxşı etdiyini dedi. Bu səbəbdən aramızda mübahisə yarandı və Naziləyə atasının evinə getməsini bildirdim. Lakin həmin vaxt atam İslam buna icazə vermədi. Daha sonra isə Naziləyə səhər tezdən atasının evinə getməsini bildirərək eyvanda yatmağa getdim”. 

Turalın ifadəsinə görə, yanvarın 7-də, saat 9 radələrində yuxudan oyandıqdan sonra Nazilənin evdə yataq otağında olduğunu görüb: “Ona yenidən atasının evinə getməsini bildirdikdə aramızda mübahisə yarandı. Mübahisə zamanı Nazilə yorğanı mənim başıma atdı. Daha sonra mən də yumruqla Nazilənin sol göz nahiyəsinə vurdum və o, xəsarət aldı. Sonradan isə Nazilənin barəmdə Neftçala Rayon Polis Şöbəsinə şikayət etdiyini bildim”. 

İş üzrə şahid qismində ifadə verən İslamın sözlərinə görə, arvadı Tamara gözdən 1-ci qrup əlildir: “Oğlumun həyat yoldaşı Nazilə mənim arvadıma baxmır və kor olmasını hər dəfə onun üzünə vurur. Turalla da hər gün qısqanclıq  zəminində mübahisə edir. Həmçinin Salyan rayonunun kəndində yaşayan qızım Elmiraya dəfələrlə zəng edərək kor olan anasına gəlib baxmasını bildirib”. 

İslam qeyd edib ki, yanvarın 6-da, saat 21 radələrində oğlu Tural çöldə olarkən ona zəng edib və evə nə lazım olduğunu soruşub: “Bu zaman Nazilənin arvadım Tamaranın üstünə qışqırdığını eşitdim. Daha sonra Tural evə gələrək Naziləyə evdən getməsini bildirdi. Lakin mən Nazilənin getməsinə icazə vermədim. Tural da dəhlizə gedərək yatdı”.

 İslamın sözlərinə görə, yanvarın 7-də, saat 9 radələrində öz otağında olduğu zaman Nazilənin digər yataq otağından səsini eşidib: “Bundan sonra tez həmin otağa keçdikdə Turalla Nazilənin mübahisə etdiyini gördüm. Bu zaman Turalın qolundan tutaraq dəhlizə çıxartdım. Daha sonra Turalla birlikdə küçəyə çıxdım və evə qayıdandan sonra Nazilənin evdə olmadığını gördüm. Sonradan isə Nazilənin Tural barəsində Neftçala Rayon Polis Şöbəsinə şikayət etdiyini bildim. Hadisə vaxtı Turalın Naziləni döyməsini görməmişəm. Otağa girərkən onların arasında mübahisə olduğunu görmüşəm”.

Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olamamasını nəzərə alıb. Bu səbəbdən Turalın barəsində olan cinayət təqibinə
xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 22:11
24 aprel 2025, 20:43
Top