"2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq" — AZAL

BİZNES 17 aprel 2025, 11:45
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) parkına 2032-ci ilə qədər yeni “Airbus” və “Boeing” təyyarələrinin tədarükü planlaşdırılır.

Demokrat.az xəbər verir ki, bunu AZAL-ın Strategiya və biznesin inkişafı idarəsinin rəhbəri Vasif Manaflı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

"Bu gün təyyarələrin orta yaşı 14 ildir ki, bu da müştəri məmnuniyyətinin azalmasına və istismar xərclərinin artmasına təsir göstərir. Parkın yenilənməsi çərçivəsində 2023-cü ildə üç “Airbus” təyyarəsi istismara verilib. Bundan başqa, bu istiqamətdə artıq ciddi addımlar atılıb. Ən böyük nailiyyətlərdən biri isə 2023-cü ildə “Airbus” və “Boeing” şirkətləri ilə 20-dən çox yeni təyyarənin alınması üçün müqavilələrin imzalanması olub. Bu təyyarələrin 2032-ci ilə qədər tədarükü planlaşdırılır", - o bildirib.

Qeyd edək ki, AZAL postsovet məkanında “Boeing 787-8 Dreamliner” təyyarələrinin istismarına başlayan ilk aviaşirkət olub. Strateji plana əsasən, 2030-cu ilə qədər AZAL-ın donanması yalnız iki növ təyyarədən ibarət olacaq - dar gövdəli “Airbus A320 Neo” ailəsindən olan təyyarələr və geniş gövdəli “Boeing 787 Dreamliner” tipli təyyarələr.

Hazırda AZAL-ın aviaparkı müxtəlif tipli 25 təyyarədən ibarətdir. Eyni zamanda, artan sərnişin axınını təmin etmək məqsədilə aviaşirkət müvəqqəti olaraq üç “Airbus A320” tipli təyyarə icarəyə götürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top