Vüqar Qaradağlı ATV-dən Turan İbrahimova görə çıxarılıb?

GÜNDƏM 14 aprel 2025, 19:04
ATV-nin sabiq prezidenti, əməkdar jurnalist Vüqar Qaradağlı “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırarkən vaxtilə işdən çıxarılması haqda da danışıb.

KONKRET.az xəbər verir ki, jurnalistin “Sizin ATV-dən uzaqlaşmağınızda aparıcı Turan İbrahimovun verilişdə dediyi fikirlərin təsiri olubmu” sualına V.Qaradağlı belə cavab verib:

“Mən belə deyim: işdən getməyimin səbəbi müəyyən məsələlərin vaxtından əvvəl həll edilməsinə çalışmağımız idi. Bizim dediklərimizin hamısı həyata keçdi. Biz dövlətimizə, prezidentimizin apardığı siyasətə maneçilik törədənləri diqqətə çıxarmışdıq. Sadəcə vaxtından tez söyləmişdik!

Zamanı qabaqladıq və bu bizim səhvimiz oldu. Əslində, səhv də deməzdim, əgər bu səhv olsaydı, bu gün də başqa bir stolda olardım. Deməli, düz demişəm. Həyatdır və heyfsilənməli deyiləm. Ərəbşünasam, öz sahəmdə çalışıram. Ruhdan düşməmişəm”.

V.Qaradağlı telekanalların hazırkı durumunu barə də isə bunları deyib:

“Desəm, fikirlərimi düzgün qəbul etməzlər. Deyərlər, özünü işdən çıxarıblar, bizə dərs verir. Yalnız bir şeyi qeyd edərdim ki, televiziyaların problemi onların ixtisaslaşmamasıdır. Bu gün ən keyfiyyətli iş təqdim edən kanal İTV-dir. Çünki onların vəzifəsi var: ictimai olmaq, bu işi də bacardıqları qədər həyata keçirirlər. Dövlət büdcə ayırır, onlar da büdcədən səmərəli şəkildə istifadə edərək keyfiyyətli iş təqdim edirlər. Bu faktdır. Digər büdcəli kanallar da var, amma bu işləri görmürlər”.

O, özəl kanallar barədə danışıb. Deyib ki, özəl telekanalların reklamı olmalıdır:

“Reklam televiziyanın nəfəsidir. Özəllərin başqa gəlir yeri yoxdur. Ona görə məcbur olub, bayağı verilişlərə əl atırlar. Onlar buna məhkumdurlar. Özəl kanallar ya bağlanmalıdır, ya da işi qaydasınca aparmalıdırlar. Başqa yolu yoxdur. Reklam olmadığı halda özəl kanalların inkişafından söhbət gedə bilməz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top