
Martın 10-da nəticələri açıqlanan buraxılış imtahanlarında topladığı balla razılaşmayan şagirdlər cavabların düzgün yoxlanılmadığını iddia ediblər.
Oxu.Az xəbər verir ki, onlar imtahan cavablarının yenidən yoxlanılması üçün Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edəcəklərini bildiriblər.
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hər bir imtahan iştirakçısının şəxsi kabinetinə imtahan nəticələri ilə yanaşı, cavab vərəqinin qrafik təsviri (yəni şagirdlərin yazdıqları), hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın doğru cavabları, həlli, qiymətləndirmə şkalası) da yerləşdirilib.
"Qiymətləndirmə müvafiq meyarlara uyğun aparılır və meyarlarda hansı cavaba hansı balın veriləcəyi dəqiq şəkildə göstərilib. Təəssüf ki, iştirakçıların bəziləri dim.gov.az saytında fərdi imtahan nəticəsi səhifəsinə yerləşdirilən bu materiallarla tanış olmadan fikir yürüdürlər.
Bir daha bildirmək istəyirəm ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiya tərəfindən bütün müraciətlər araşdırılacaq. Qiymətindən narazı olan hər kəs 14‑16 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla Apellyasiya Komissiyasına müraciət üçün qeydiyyatdan keçə bilərlər.
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) də apellyasiya ərizələrinə əlavə ediləcək", - deyə qurum rəsmisi bildirib.
Xatırladaq ki, builki buraxılış imtahanlarında maksimum nəticə hesab olunan 300 balı 23 şagird toplaya bilib.