Tehran və Bakı narahatdır: "Ermənistanın çirkləndirdiyi sular əhalidə xəstəlik yaradır"

GÜNDƏM 10 aprel 2025, 15:21
“Azərbaycanın iki əsas çayı var ki, hər ikisi transsərhəd çaydır. Kür çayı Gürcüstandan keçərək, Araz çayı isə Türkiyədən Ermənistan ərazisinə, İran sərhədi boyunca keçdikdən sonra Azərbaycana daxil olur. Transsərhəd çayların və göllərin mühafizəsi ilə bağlı 2003-cü ildə qəbul edilmiş beynəlxalq konvensiya var. Azərbaycan 2013-cü ildə konvensiyaya qoşulub. Təəssüf ki, nə Gürcüstan, nə də Ermənistan konvensiyanın tərəfləri sırasındadır. Buna görə də hansısa masa ətrafında birləşib məsələ haqqında danışmaq mümkün deyil”. 

B u sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

Ekoloq bildirib ki, Araz çayının çirklənməsi bir neçə mərhələdə həyata keçir:

“Birinci növbədə Ermənistan ərazisindən keçərkən yaxınlıqdakı yaşayış məntəqələrindən çirkab suları çaya axıdılır. Ən böyük çirkləndirmə Metsamor Atom Elektrik Stansiyasına həyata keçirilir. Elektrik enerjisi əldə etmək üçün nüvə reyaktorlarından, urandan istifadə edilir, suyun soyudulması üçün təmiz su işlədilir. Bir neçə mərhələdən sonra təmiz su radioaktiv tullantılarla çirkləndirilir. Çirklənən sular Araz çayına axıdılır. İkinci ən böyük çirklənmə Zəngəzur ərazisində olur. Bu ərazilərdə yerləşən dağ-mədən zavodlarında metalların emalı zamanı baş verir. Dağ süxurları qazılır, zavodda müxtəlif kimyəvi maddələr tətbiq etməklə süxurlar yuyulur, metal elementləri ayrılaraq çıxarılır. Yuyulma zamanı istifadə olunan sular Oxçuçaya axıdılır və Araz çayına qarışır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumata görə, Araz çayında fenolların sayı 100-200 dəfə, metal tullantılarının miqdarı isə 25-30 dəfə çox olur”. 

Ekoloqun sözlərinə görə, həmin sular Azərbaycanda kənd təsərrüfatında və içməli su kimi istifadə olunduğu üçün əhalidə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur:

“Son dövrlərdə İranda, xüsusilə Şərqi Azərbaycan əyalətində çirklənmə ilə bağlı çoxlu materiallar dərc olundu. Tədqiqatlar çayların çirklənməsini əkin sahələrində müəyyən xəstəliklərin yaranmasını sübut edir. Suyun tərkibində olan ağır materiallar (civə, qurğuşun) insan orqanizmi üçün həddən artıq zərərlidir. İran mətbuatına baxdıqda aydın olur ki, ictimaiyyət həddən artıq narahatdır. Bununla bağlı İran hökumətinə dəfələrlə müraciət ünvanlanıb ki, Ermənistanla danışıqlar aparsın. Azərbaycanla İran arasında həm beynəlxalq, həm də ikili münasibətlərdə bu məsələ haqqında danışmaq imkanı yoxdur. Nəticədə həmin sular içməli su kimi istifadə edilir. Artıq həyəcan təbili çalmaq, beynəlxalq təşkilatlara müraciət etməyin vaxtı çatıb”.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 15:00
Top