
“Bu silahlar Qarabağ ərazisində mövcud olmayıb. “Prezident” olduğum müddətdə (2007-2020-ci illərdə) bu silahların Qarabağa gətirilmədiyini dəqiq deyə bilərəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu ağır cinayətlərdə təqsirləndirilən Bako Sahakyan işğal olunmuş ərazilərdə “İskəndər M”, “Toçka U” və digər dağıdıcı silahlar barədə də Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandırarkən danışıb.
Təqsirləndirilən şəxs, həmçinin qeyd edib:
“Müdafiə qurumları”nın “rəhbəri” qondarma rejimin “prezident”inə məruzə etməyə borclu olmasa da, bu silahların əhəmiyyətini nəzərə alaraq, onlar bizə verilsəydi, “ordu komandiri” bu barədə mənə məlumat verməli idi”.
B.Sahakyan qeyd olunan silahlardan istifadə edilməklə Azərbaycanın mülki obyektlərinin atəşə tutulması, bunun kimin göstərişi ilə həyata keçirilməsi barədə isə bunları bildirib: “Deyə bilərəm ki, həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb”.