"Qalatasaray"ın sabiq futbolçusu, Yuqoslaviya futbolunun tanınmış simalarından Cevad Prekazi 69 yaşında dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, keçmiş futbolçu noyabrın 8-də öz evində vəfat edib. Ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
"Qalatasaray" klubu da sabiq oyunçusunun vəfatı ilə əlaqədar başsağlığı mesajı yayıb. Klubun açıqlamasında Prekazinin vurduğu unudulmaz qollarla və qazandırdığı sevinclə azarkeşlərin yaddaşında əbədi qalacağı bildirilib.
Qeyd edək ki, Cevad Prekazi 1985-1991-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, İstanbul təmsilçisi ilə iki dəfə Türkiyə çempionu olub, bir dəfə ölkə kubokunu və üç dəfə Superkuboku qazanıb.
Futbolçu xüsusilə 1989-cu ildə "Monako" ilə qarşılaşmada təxminən 40 metrdən vurduğu möhtəşəm cərimə zərbəsi ilə yadda qalıb. Karyerası ərzində "Partizan", "Hayduk Split", "Altay" və "Bakırköyspor" klublarında da çıxış edib.


