Əri tərəfindən şiddət görən qadın evdən qaçdı — TƏFƏRRÜAT

KRİMİNAL 10 mart 2025, 17:53
Biləsuvarda 1991-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xumara (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 6 dekabr 2024-cü ildə Biləsuvar rayonunun kəndində baş verib. 

Vüsal kənddə yerləşən birgə yaşadıqları evdə arvadı Xumar ilə ailə-məişət münasibətləri zəminində, yəni sonuncunun öz “Whatsapp” hesabında geyim əşyalarının satışı ilə bağlı paylaşım etməsinə irad bildirib. O, həmin şəkilləri silməsini tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əlləri ilə Xumarın saçından tutaraq dartıb, baş və sol qulaq nahiyəsinə bir neçə dəfə yumruq, şillə ilə zərbələr vurub. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal bildirib ki, Xumar ilə 2016-cı ildə evlənib, həmin evlilikdən 3 övladı var: “Evliliyimizin ilkin vaxtlarında münasibətlərimiz normal olub. Əvvəllər aramızda münaqişə olmayıb. Lakin son zamanlar aramızda olan münasibətlər pisləşdi. Buna səbəb isə Xumar evdə olarkən dediklərimə məhəl qoymaması, dəfələrlə ona irad bildirsəm də, nəticə çıxarmaması olub”.

Vüsal qeyd edib ki, dekabrın 6-da, saat 18:00-da birgə yaşadıqları Biləsuvar rayonu kəndində yerləşən evdə olan zaman Xumarın öz “Whatsapp” hesabında qadın və uşaq geyim əşyalarının satışı ilə bağlı elanlar paylaşaraq şəkillər yerləşdirməsini görüb: “Buna görə də ona irad bildirərək həmin şəkilləri silməsini istədim. Xumar mənə kobud cavab qaytararaq həmin şəkilləri silməyəcəyini bildirdi. Bundan əsəbləşdim, nəticədə aramızda mübahisə yarandı. Mübahisə zamanı Xumarın solqulaq nahiyəsinə bir dəfə şillə ilə zərbə vurdum. Daha sonra saçından tutaraq dartdım. Aramızdakı mübahisə 3-5 dəqiqə ərzində bitdi. Mübahisəni görən şəxs və ya şəxslər olmayıb. Daha sonra Xumar evdən çıxaraq uzaqlaşdı”. 

Zərərçəkmiş Xumarın sözlərinə görə, əri Vüsal evliliklərinin ilkin vaxtlarından münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşib: “Buna səbəb isə ərimin himayəmizdə olan azyaşlı uşaqlarımı məktəbə tək aparmağıma narazılıq etməsi, buna görə də səbəbsiz olaraq evdə münaqişələr yaratması olub. Hadisə günü, saat 18:00-da birgə yaşadığımız evdə olan zaman Vüsal mənim öz "Whatsapp” hesabımda geyim şəkillərini paylaşmağıma irad bildirdi, geyimlə bağlı paylaşım etməməyimi istədi. Ona geyim əşyalarını sataraq gəlir əldə etdiyini dedim. Vüsal ünvanıma nalayiq ifadələr işlədərək məni söyüb təhqir etdi. Nəticədə aramızda mübahisə yarandı, mübahisə zamanı Vüsal saçımdan tutaraq dartdı, baş və sol qulaq nahiyəmə bir neçə dəfə yumruq, şillə zərbələri vuraraq xəsarət yetirdi”. 

Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra evdən çıxaraq uzaqlaşıb və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verib.

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsala 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib. 

Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 mart 2025, 21:39
Top