
Onu daha çox "Kordon Celil", ya da "Yasin komutan" olaraq tanıyırıq. Amma Ərtoğrul Şakar Türkiyədə onlarla film və serialda bir çox obrazı canlandırıb.
47 yaşlı aktyor Modern.az redaksiyasının qonağı olub. O, karyerasından, hazırda üzərində işlədiyi filmlərdən və film sektoru ilə bağlı digər mövzulardan danışıb.
Ərtoğrul Şakar söhbətə kino sektoruna gəlişindən başlayıb.
- Bir çoxları məni 2006-cı ildən tanısa da, mən fəaliyyətə 1996-cı ildə "Ferhunde Hanımlar" serialı ilə başlamışam. 2006-cı il hər kəs tərəfindən izlənən seriallarda çəkilməyə başladım, yəni həmin il tanınmağa başladığım dövr olaraq qeyd edilə bilər.
- İndiyədək bir çox filmlərdə rol alsanız da, Türkiyədə və Azərbaycanda çoxları "Kordon Celil" adı ilə tanıyır. Bəs Ərtoğrul Şakar o obrazı necə xatırlayır?
-O obrazın mənim tanınmağıma yardım etdiyi üçün və obrazın möhtəşəmliyi səbəbi ilə "Kordon Celil"i sanki öz qardaşım kimi xatırlayıram. O mənim üçün çox vacib obrazdır. Bütün izləyicilərimiz də mənim kimi "Kordon Celil"i sevir, ona görə də o mənim üçün xüsusi obrazdır. Oradakı aktyorlarla dostluğumuz var, amma həyat da davam edir. Həyat davam etdiyi üçün də hər kəsin özünə görə dünyası var. O zamanlar bizim reytinqlərimiz də çox yüksək idi. Bunun səbəbi hamımızın sevdiyi işin içində olmağından qaynaqlanır. Həm biz işi sevirdik, həm də izləyici sevirdi.
- Bu personaj hətta gəncləri vətənpərvərliyə səsləyir...
-İnsanların izlədiyi serialların onlara təsir etməsi normaldır. Bizim rol aldığımız seriallarda vətənini qorumaq üçün canını fəda etməkdən çəkinməyən obrazlar var idi. Döyüşçülük türklərin genində var, sadəcə bir serialdan təsirlənərək yola çıxılmır. Amma Qarabağ zəfərində də Azərbaycanda yaşayan gənclərimizə vətənpərvərlik ruhunun aşılanmasında bu serialın təsiri olduğunu düşünürük. Çünki müharibədən sonra Bakıya etdiyim ziyarətlərdə qazilərimizin, şəhidlərimizin həmin serialı izlədiyini ailələri bildirirdi. Ona görə də rahatlıqla deyə bilərəm ki, bu obrazın insanlar üzərində təsiri olub. Bu mənim üçün çox qürurvericidir.
- "Şefkat Tepe" və "Kurtlar Vadisi"ndə aldığınız rollar sizə nə qazandırdı?
-Həyatda ilk olaraq etmək istədiklərim alınmadı. Mən komando olmaq istəyirdim, məni komando etmədilər arzum ürəyimdə qaldı. Ona görə də filmlərdə bu rolu canlandıraraq biraz da olsa arzumu yerinə yetirə bildim.
- İnsanların sizin hansı obrazınızı sevdiyini dedik. Bəs siz ən çox hansı obrazınızı sevirsiz?
- Mən bir çox ekran işlərində çalışsam da məni əsasən 2 obrazla tanıyırlar. Şefkat Tepedəki Kordon Celil və Kurtlar Vadisindəki Yasin Komutan. Mən hər ikisini sevirəm, ikisi də vətən üçün mübarizə aparan əsgərlərdir. İlk olduğu səbəbilə Kordon Celili biraz daha çox sevirəm təbii ki...
- Ən son rol aldığınız ekran işi hansıdır?
- Keçən il ekrana çıxan "Mucize Aynalar" filmində rol almışam. Onun xaricində də 3 ildir İkinci Qarabağ zəfərini təsvir etmək üçün ssenarilər hazırlamağa çalışırıq.
- Bu film barədə sizə təklif gəldi, yoxsa şəxsi təşəbbüsünüzdür?
- Xeyr təklif gəlməyib, bu cür mövzularda təklif gəlməsini gözləmək də lazım deyil. Mən İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın Ankaradakı səfirliyinə e-mail də atmışdım. O zaman da mənə hansısa təklif gəlməmişdi. Yəni bunların hamısı içimizdən gələn şeylərdir. Biz hər birimiz öz sahəmizdə bu coğrafiyaya, Turana və yetişəcək gənclərinə xidmət etməliyik. Mən film sahəsində xidmət edirəm, siz media sahəsində xidmət edirsiniz, kimsə inşaat sahəsində xidmət edir. Mən öz sahəmdə xidmətim qalıcı olsun deyə bunu mən özüm istədim.
- Azərbaycanın film sektoru ilə tanışsınızmı?
- 3 ildir yaxından izləyirəm. Filmlər üçün musiqilər axtardığım zamanı Azərbaycan incəsənətini incələyirəm. Hətta Arşın Mal Alanı o qədər izlədik ki, 7 yaşındakı qızım filmin mahnısını əzbərləyib. Övladıma da öyrədirəm ki, bilsin. Azərbaycan sənətini ailəlikcə izləyirik.Yəni biz bir şey edəcəksək tam olsun deyə çalışırıq.
- İkinci Qarabağ müharibəsindən sonra qələbəmiz barədə hələ çox film çəkə bilməmişik. Qələbəmizi bütün dünyaya nümayiş etdirəcək filmimiz yoxdur... Siz indi film çəkirsiniz, müharibədən sonra çəkilən filmlərlə tanışsınızmı?
- Hər şeyi dövlətdən gözləməmək lazımdır. Çünki dövlət var olduqca şirkətlər də var olacaq. Əslində bir neçə şirkət birləşərək dəstək göstərə bilərlər. Dövləti idarə etmək asan deyil, bunu edən insanların tək işi də bu deyil. Başqalarının da işi bu olmalıdır, şirkətlərin axtarıb dəstək olması lazımdır. Amma bu 1 filmlə olacaq iş deyil. Müharibədə iştirak edən hər əsgərin, anasının, yoldaşının, övladının hekayəsi var. Ona görə bir neçə filmlə kifayətlənmək lazım deyil. Məsələn mənim bir layihəm var. Həmin layihəni bütün dünyada yayımlanması üçün hazırlayırıq. Film Tayms Meydanında reklam ediləcək, Fransada, Almaniyada, Koreyada, Çində, Hindistanda, Avropada yayımlanacaq. Film burada və Türkiyədə izlənsin deyərək kifayətlənmək olmaz. Bu ölkənin 30 illik acınacaqlı vəziyyətini dünya tanımalıdır. Əgər sən erməninin təsvir etdiyi kimi edə bilməsən, irəlidə sən günahkar olacaqsan. Ermənilər deyir biz burada illərdir sakit həyat sürürdük, gəlib buna mane oldular. Amma 30 il əvvəl onun o evi necə aldığını danışmasan onlar haqlı görünəcəklər. Bir PUA müharibədə olduğu kimi mədəniyyət nümunələri də siyasətdə vacibdir. Mənim Konyada çəkdiyim serial Azərbaycanda, Qırğızıstanda, Özbəkistanda izlənilir və gənclərin həyatlarında iz qoyur. Ona görə də bu silahdan yaxşı istifadə etmək lazımdır. Necə Müdafiə Nazirliyi cəbhədə öz silahlarından istifadə edirsə, Mədəniyyət Nazirliyi də öz silahından istifadə etməlidir.
- Qarabağ müharibəsi haqqında film çəkirsiniz. Müharibədə iştirak edən şəhidlər, qazilərlə bağlı məlumat toplasınızmı?
- Pasportumda ən çox möhrü olan ölkə Azərbaycandır. Mən buraya idman olsun deyə gəlməmişəm, burada bir çox qazi və şəhid yaxınları ilə görüşlərimiz olub. Onlar qazi olduqları anın hekayələrini danışdılar mənə. Mən də oradan yola çıxaraq qəhrəman Azərbaycan Ordusunun hekayəsini hazırlayıram. Bizim üçün əsas olan Azərbaycan gənclərinin öz qəhrəmanlarının hekayəsini izləməsidir.
- Layihəniz üçün dəstək tapa bilirsinizmi?
- Biz buraya gəldiyimizdən bəri çox yaxşı qarşılanırıq. Həm dövlət, həm də şirkətlər tərəfindən böyük dəstək görürük. O dəstəklər sayəsində də bu günlərə gəldik. İnşallah, Şuşada qar bitdikdən sonra da çəkimlərimizə başlayacağıq.
- Qarabağa getmisinizmi?
-Bəli hər tərəfi gəzmişəm. Müharibəyə qatılmaq istəyəndə çağırılmadım, ona görə də ən azından savaşdan sonra gəlib gəzmək istədim.
- Filminizin detalları barədə danışa bilərsinizmi? Aktyorlar Azərbaycandan yoxsa Türkiyədən olacaq?
-Bu filmi izləyən gənclərin hamısı bir daha belə bir hal olarsa, öz zəfərlərini qazanmaq üçün hazır olacaqlar. Filmin baş rolunu mən canlandıracağam. Filmimiz bir xüsusi təyinatlı dəstənin hekayəsi olacaq. Filmdə dəstənin savaş başlayandan etibarən apardığı mübarizəni və sonda Şuşanı necə almasını təsvir edəcəyik. Ona görə də komandir burada "Şefkat Tepe"dən və "Kurtlar Vadisi"ndən insanların sevdiyi birinin olmasını istədik. Başqa bir yoldaşı da komandir olaraq seçə bilərik, amma onu izləyiciyə komutan olaraq təqdim etmək zaman alar. Amma izləyici məni gördüyü zaman komandir gözü ilə baxdığı üçün daha sürətli olacağı üçün belə bir seçim etdik.
- Filminizdə kimlərdənsə əsinlənərək yaradılan obrazlar varmı?
- Filmdə komutanın adı Azaddır. Filmdə heç bir söz, hadisə təsadüf deyil.
- Filmin çəkilməsi qədər reklamı da vacibdir. Siz bunu necə etməyi planlaşdırırsınız?
-Mən filmimi sadəcə burada nümayiş etdirmək üçün çəkmirəm. Film Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya nümayiş etdirəcək. Ona görə də əsas reklamlar Tayms Meydanında olacaq.
- Türkiyənin film sektorunda Qarabağ zəfəri ilə bağlı layihələr varmı?
-Çeşidli filmlər, çalışmalar var. Çox olması daha da yaxşıdır. Mən bu filmi çəkən zaman fərqli bir şey də edəcəm. Burada əsas heyət Türkiyədən gələcək, amma əsas heyətlə yanaşı hər komandaya buradakı film sektorunun əməkdaşlarını da daxil edəcəyik. Həm də burada bir dönəmlik məktəb də yaratmış olacağam. Burada film sahəsində çalışanlar Türkiyədən gələnlərlə birgə onlardan fərqli bir baxış bucağı da öyrənə biləcəklər.
- Qarabağ müharibəsindən sonra türk dünyası xüsusi vurğulanmağa başlandı. Sizin çalışmalarınızda türk dünyasını hədəfləyən layihələr varmı?
-Hər kəsin dünyaya gəliş səbəbi var. Mənim üzərimə götürdüyüm vəzifə də budur. Burada əvvəlcə yeni olduğu üçün Qarabağ zəfərini çəkməliyik. Sonrasında Özbəkistan, Qırğızıstana getmək və hekayələrini yaratmalıyıq. Ondan sonra 30 illik planımızı təsvir edən Turan filmini çəkməliyik.
- Qazi və şəhid ailələri ilə tez-tez görüşdüyünüzü dediniz. Sizi ən təsirləndirən hekayə hansı oldu?
-Məni ən təsirləndirən hadisə hansısa qazinin yaxud şəhidin mənim canlandırdığım obrazdan təsirlənərək şücaət göstərməsidir. Bu mənim üçün peşəmin zirvəsidir. İnsan bir peşədə kiməsə təsir etmək, iz qoymaq istəyər. Mənim arxamdan gələnlər vətənləri üçün canlarını fəda edəcək qədər işimdən təsirləniblər. Bu mənim üçün çox vacibdir.
- Azərbaycan aktyorlarını necə dəyərləndirirsiniz?
-Teatr mövzusunda mübahisəsiz. Film sahəsində isə çox rol almadıqları üçün xırda çatışmazlıqlar var. Bu gün insanların əksəriyyəti əvvəlcə maddiyyat düşünür. Bədən və ruh kimi düşünək. Maddiyyat bədən, mənəvi tərəf isə ruh olsun. Bədən ruhdan ayrı olduqda yaşaya bilməz,sadəcə cəsəd olaraq qalar. Hər kəsin öz seçimi var, mən heç kimi düşüncəsinə görə tənqid etmərəm. O elə düşünür, mən isə fərqli düşünürəm, hər kəs özünə yaraşanı edir. Allah hər kəsin yolunu açıq olsun, bizim orada söz var, “Allah hər kəsin çarşısını pazar etsin”.
- Türkiyədə bir çox aktyorluq məktəbi var, amma Azərbaycanda belə məktəblərə rast gəlinmir. Bununla bağlı sizin təklifləriniz nələrdir?
-Məktəb yaratmaq dövlətin qərarıdır. Əgər dövlət desə ki, Türkiyədəki praktika burada da həyata keçirilsin keçirilər. Bu sualın cavabı dövlətdən asılıdır. Dövlət uyğun gördüyü zaman bu həyata keçirilə bilər.