Avropa qoşunları Ukraynaya göndərilə bilər? — AÇIQLAMA

DÜNYA 28 fevral 2025, 18:33
Məlum olduğu kimi Fransanın maliyyə naziri Erik Lombar Bloomberg-ə müsahibəsində Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələrinin Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib.

Fransalı nazir Avropa qüvvələrinin Ukraynaya yerləşdirilməsinin əsas məqsədinin sülhün qorunması olduğunu vurğulayıb.

O, bu təşəbbüsün həyata keçməsi üçün ABŞ-nin dəstəyinin vacibliyini qeyd edib:

“Əgər biz atəşkəs rejiminin qorunmasını istəyiriksə, ABŞ-ın dəstəyinə ehtiyacımız var. Mən hesab edirəm ki, amerikalılar buna razılıq verib.”


ABŞ-nin bu mövzuya necə reaksiya verəcəyi və Avropa qoşunlarının Ukraynaya nə zaman göndəriləcəyinə dair hansı ehtimallar mövcuddur?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın əsas məqsədi gələcəkdə Ukraynaya göndəriləcək hərbçilərin Avropa ölkələrindən olmasıdır və bu məsələdə onun mövqeyi bəllidir:

“Makronla Vaşinqtonda görüş zamanı da Avropa ölkələrinin Ukraynaya qoşun göndərməyə hazır olmasını "yaxşı xəbər" adlandırıb. Belə olacağı təqdirdə Amerikanın da müəyyən dəstək verəcəyi istisna olunmur. Tramp üçün vacib olan məhz Britaniya, Fransa və Almaniya hərbçilərinin könüllü şəkildə Ukraynaya göndərilməsidir. Mən düşünürəm ki, bu, real ola bilər. Doğrudur, Rusiya tərəfi hələ bunu qəbul etmək istəmir. Lakin Trampın maraqları təmin olunarsa, qeyd olunan ölkələrin hərbçilərinin Ukraynaya göndərilməsi mümkündür.
Əgər Qərb bu məsələni ciddi şəkildə gündəmə gətirsə və niyyəti qəti olsa, təbii ki, Rusiya buna qarşı dura bilməz. Bunun tarixdən də nümunələri var. Zamanında Almaniya ikiyə bölünəndə Qərb ölkələri Qərbi Almaniyanı NATO-ya daxil etməklə Rusiyanın təhdidlərinə qarşı tədbir gördülər”.

Politoloq onu da qeyd edib ki, eyni ssenari Ukraynada da baş verə bilər:

“Sadəcə olaraq, bunun üçün ABŞ-nin razılığı olmalıdır. Mən hesab edirəm ki, bu gün Zelenskinin ABŞ-a səfəri çərçivəsində yeraltı sərvətlərlə bağlı anlaşma imzalanarsa və Amerikanın Ukraynanın yeraltı sərvətlərindən istifadə etməsi legitimləşdirilərsə, Donald Tramp bu addımları ata bilər. Onun dünən nazirlərlə keçirdiyi toplantıdan sonra verdiyi açıqlamalar da bunu göstərir. Orada qeyd edib ki, ABŞ Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə razıdır və bunu dəstəkləyir. Eyni zamanda, Rusiya tərəfindən də müəyyən güzəştlərin edilməsi vacibliyini vurğulayıb. Bu o deməkdir ki, gələcək danışıqlarda məhz Rusiya tərəfinin müəyyən addımlar atması tələb oluna bilər. Lakin Donald Tramp proqnozlaşdırılması çətin bir siyasətçi olduğundan müəyyən qədər gözləmək lazım gələcək. Nəzərə alsaq ki, Avropa ölkələri ardıcıl olaraq onunla görüşlər keçirir və müəyyən təzyiqlər göstərir, bu prosesin necə nəticələnəcəyini zaman göstərəcək”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 22:26
Top