
Ötən gün vəfat xəbəri yayılan hərbi qulluqçumuz Şirxan Quliyevlə bağlı yeni faktlar məlum olub.
Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, Şirxan Quliyev Cəbrayıl rayonundan olub və Sumqayıt şəhərinin 3-cü Məhəllə adlanan ərazisində yaşayıb.
O, Sumqayıtda 1 nömrəli tam orta məktəbi bitirib. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
19 yaşlı hərbi qulluqçu ötən il xidmətə başlayıb və 4 ay sonra evə qayıtmalı idi.
Onun nəşi ötən gün Sumqayıtda dəfn edilib. Bildirilib ki, hərbi qulluqçunun ölümü ilə bağlı ekspertiza təyin edilib.
Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev deyib ki, ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.