Ekspert ibtidai siniflər üçün sualların çətinliyindən DANIŞDI

SOSİAL 19 fevral 2025, 18:08
"Azərbaycanda “baş çəkmək” ifadəsinin “yoluxmaq” mənasında işlənməsi dilin arxaik və məcazi qatlarına aid olan bir məqamdır. Belə nüansları isə nəinki 4-cü sinif şagirdləri, hətta yetkin insanlar və filoloq olmayan şəxslər belə bilməyə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. 

Ekspert bildirib ki, burada əsas problem təkcə ifadənin çətinliyi deyil, həm də onun real ünsiyyətdə nə qədər istifadə olunmasıdır: 

""Baş çəkmək” ifadəsi gündəlik danışıqda əsasən “ziyarət etmək, getmək” mənasında işlədilir. “Yoluxmaq” mənasında işlənməsi isə dilin köhnəlmiş qatına aiddir və müasir dildə demək olar ki, rast gəlinmir. Bu halda 4-cü sinif şagirdinin belə bir çalar fərqini başa düşməsi qeyri-mümkündür.

Daha vacib məqam isə uşaqların yaş və psixoloji xüsusiyyətləridir. 4-cü sinif şagirdi hələ də söz ehtiyatını formalaşdıran, məcazi və köhnəlmiş mənaları tam dərk edə bilməyən yaş dövründədir. Belə suallar onların dil biliklərini yoxlamaqdan çox, çətinləşdirməyə və süni maneələr yaratmağa xidmət edir. Məktəbəqəbul və gimnaziya imtahanlarının məqsədi şagirdin dil bacarıqlarını, məntiqini və düşünmə qabiliyyətini yoxlamaqdır. Lakin bu cür suallar nə dilin normal istifadəsinə uyğundur, nə də uşaqların yaş səviyyəsinə".

Onun sözlərinə görə, dünya təcrübəsinə nəzər salsaq, inkişaf etmiş ölkələrdə ibtidai siniflər üçün qəbul imtahanlarında əsas diqqət məntiqi təfəkkürə, əsas söz ehtiyatına və anlayışların şagird üçün aydın olan istifadəsinə verilir:

"Məsələn, Finlandiya, Sinqapur və Estoniya kimi qabaqcıl təhsil sistemlərində dil sualları şagirdin söz ehtiyatını ölçmək üçün, lakin onun anlamadığı, rastlaşmadığı ifadələri yoxlamaq üçün istifadə edilmir. Əksinə, uşağın real həyatda qarşılaşa biləcəyi kontekstlər əsas götürülür.

Bu cür yanaşma Azərbaycanda da tətbiq edilməlidir. Əgər məqsəd uşaqların dil bacarıqlarını inkişaf etdirməkdirsə, onların yaşına uyğun olan, gündəlik həyatda işlədilən ifadələr və söz birləşmələri imtahana daxil edilməlidir. Əks halda, belə suallar uşaqlara öyrətməkdən çox, onların psixoloji gərginliyini artırır və imtahanın obyektivliyini şübhə altına alır".

Ekspert qeyd edib ki, belə yanaşma həm də sosial ədalətsizliyə yol açır:

"Çünki bu cür ifadələri ancaq xüsusi əlavə hazırlıq keçən uşaqlar bilə bilər, halbuki, imtahanlar hər kəs üçün bərabər imkan yaratmalıdır. Azərbaycanda təhsil sisteminin məqsədi uşaqları daha yaxşı yetişdirmək və onların bilik səviyyəsini ölçmək olmalıdır, yoxsa onları heç vaxt eşitmədikləri ifadələrlə çaşdırmaq yox.

Nəticə olaraq, bu cür suallar nə yaşa uyğundur, nə də şagirdlərin dil bacarıqlarını obyektiv şəkildə ölçmək üçün uyğun vasitədir. İmtahanların məzmunu daha məntiqli, real həyatda istifadə edilən biliklərə əsaslanan suallarla formalaşdırılmalıdır ki, uşaqların potensialı və real bacarıqları düzgün qiymətləndirilsin".

Qeyd edək ki, lisey ve gimnaziyalara dördüncü sinif(beşinci sinfə qəbul) qəbul sınağına "baş çəkmək" ifadəsinin sinonimini soruşan sual əlavə olunub. Doğru cavabın "yoluxmaq" sözü olduğu qeyd edilib. Sualın çətinliyi valideynlərdə narazılıq doğurub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 11:01
21 fevral 2025, 09:26
Top