Sensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ

DÜNYA 19 fevral 2025, 08:40
ABŞ, Çin və Fransadan olan beynəlxalq alimlər qrupu planetimizin daxili nüvəsinin 15 il ərzində öz fırlanmasını tamamilə dayandıra biləcəyi barədə sensasiyalı bəyanat verib.

Demokrat.az-ın verdiyi məlumata görə, tədqiqatın nəticələri nüfuzlu "Nature" elmi jurnalında dərc edilib.

Bildirilir ki, Yerin mərkəzində, təxminən 5150 km dərinlikdə, 1300 km radiuslu qızmış bərk nüvə yerləşir. O, əsasən nikel və dəmirdən ibarətdir, özü də xarici maye nüvə ilə əhatə olunub. Bu xarici nüvə öz növbəsində mantiya ilə - Yer səthindən 30 km dərinlikdə başlayan və təxminən 2900 km dərinliyə qədər uzanan təbəqə ilə əhatə olunub.

Alimlər vurğulayırlar ki, daxili nüvə planetimizin maqnit sahəsinin formalaşmasında əsas rol oynayır. Məhz nüvədə baş verən mürəkkəb proseslər - geodinamo sayəsində Yer bütün canlıları günəş radiasiyasının məhvedici təsirindən qoruyan güclü maqnit qalxanına malikdir.

Son onilliklərdə əldə edilmiş seysmik məlumatları təhlil edən tədqiqatçılar belə nəticəyə gəliblər ki, 1970-ci illərin əvvəllərindən daxili nüvə qərbdən şərqə doğru fırlanırdı. Lakin 2009-2010-cu illər arasında onun fırlanması gözlənilmədən dayandı. Alimlərin məlumatına görə, indi nüvə yenidən hərəkət edir, lakin artıq Yer səthinin fırlanmasına nisbətən əks istiqamətdə.

Alimlər hesab edirlər ki, daxili nüvənin dinamikasındakı bu cür dəyişikliklər onun Yerin maqnit sahəsinin yaranmasındakı rolu ilə bağlı ola bilər. Onlar hesab edirlər ki, 2040-cı ilə qədər nüvənin fırlanması tamamilə dayana bilər, bundan sonra o, ehtimal ki, yenidən planetin özü ilə eyni istiqamətdə fırlanmağa başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top