Azərbaycanda kişilər bu zorakılıq növlərinə məruz qalırlar

SOSİAL 18 fevral 2025, 17:53
2023-cü ildə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı 560 idisə, 2024-cü ildə bu say 594 olub.

Bu barədə Teleqraf-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova deyib.

Onun sözlərinə görə, zorakılığın 136-ı psixi, 403-ü fiziki, 45-i iqtisadi və 10-u cinsi zorakılıqla bağlı olub.

"Ötən il məişət zorakılığına məruz qalanların 52-i kişi, 534-ü qadın, 436-ı uşaq olub. Kişilər daha çox psixi və iqtisadi zorakılığa məruz qalıblar. Burada daha çox boşanmadan sonra uşaqların analarında qalması, övladları ilə ünsiyyətin çətinliyi kimi nüanslar seçilir.

Zorakılığı törədənlərin tərkibinə gəldikdə isə zorakılıq törədənlərin 555-i kişi, 252-i qadın olub.

İ. Məmmədova həmçinin bildirib ki, Gender əsaslı zorakılıqla bağlı 860 dəstək xəttinə ötən il 330 zəng daxil olub. Zənglərdən 58-i kişi tərəfindən, 272-i isə qadın tərəfindən olub.

“Daxil olan hər bir müraciət nəzarətə götürülür və zərərçəkmiş şəxslərə dəstək məqsədi ilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir. Məişət zorakılığı ilə bağlı şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə zərərçəkmiş şəxsin yaşadığı və ya olduğu yerin yerli icra hakimiyyəti orqanı tərəfindən baxılır. Şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda isə həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır".

Zorakılıq törədən şəxslə bağlı hansı addımlar atılır?

Komitənin nümayəndəsi bildirib ki, məişət zorakılığı ilə bağlı şikayət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edilir.

"Zərərçəkmiş şəxsə isə dərhal 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. Məişət zorakılığını törədən şəxs verilən xəbərdarlığa və mühafizə orderin tələblərinə əməl etmədikdə zərərçəkmiş şəxsin özü, müvafiq yerli icra hakimiyyəti orqanı və ya prokurorluq tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət edə bilər. Uzun müddətli mühafizə orderinin müddəti isə 60 gündən 180 gün müddətinədəkdir. Eyni zamanda zərərçəkmiş şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla, həmçinin dərhal tibbi yardımla və yardım mərkəzlərində sığınacaqlarla təmin oluna bilərlər. Həmçinin digər sosial yönümlü tədbirlər də həyata keçirilə bilər. Belə ki, bizim 1 dövlət və 8 qeyri-dövlət yardım mərkəzimiz mövcuddur”, - deyə İradə Məmmədova əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top