Bu ölkə də "Rus Evi"ni bağlayır

GÜNDƏM 14 fevral 2025, 00:28
Moldova hökuməti PUA hücumlarına cavab olaraq "Rus Evi"ni bağlayır.
 
Moldova hakimiyyəti pilotsuz uçuş aparatları ilə ölkənin hava məkanının pozulmasına cavab olaraq ölkədə fəaliyyət göstərən "Rus Evi"nin fəaliyyətini dayandırır.
 
Moldova Rusiya ilə 1998-ci ildə imzalanmış Mədəniyyət Mərkəzlərinin Fəaliyyəti haqqında Razılaşmadan çıxdığını da bəyan edib.
 
Moldovanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Rus Evi də məhz ləğvetmə proseduru başa çatdıqdan sonra bağlanacaq.
 
Hadisə baş verən gün Rusiyanın Moldovadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona qətiyyətli etiraz bildirilib və bu kimi təşəbbüslərin təhlükəsizliyə və Moldovanın vətəndaşlarına ciddi təhdid yaratdığı qeyd edilib: “Eyni zamanda, rusiyalı diplomata bildirilib ki, analoji addımlar milli suverenliyin pozulması olmaqla, qeyri-dost xarakterli bir addımdır”.
 
O da bildirilib ki, diplomata ölkənin ərazisində yerə düşən PUA-ların fraqmentləri əks olunan fotoşəkil nümayiş etdirilib.
 
Rəsmi Kişinyov növbəti dəfə Rusiya hakimiyyətini analoji addımlardan çəkinməyə, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
 
Qeyd edək ki, Bakıda yerləşən "Rus Evi"nin də fəaliyyəti dayandırılıb.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top