Mal-qaranın sayı niyə azalır? — SƏBƏBLƏR

SOSİAL 11 fevral 2025, 16:19
"Son zamanlar ölkəmizdə dinamik olaraq iri və xırdabuynuzlu mal-qaranın baş sayı nəzərə çarpacaq dərəcəcə azalmaqdadır. Problemin çoxşaxəli səbəbləri var. Səriştəli heyvandarların yaşlanması və həyatını itirməsi, kəndlərdə iş yerləri və gəncləri qane edəcək mədəni səbəblərin olmaması kənd təsərrüfatı, əkinçilik və heyvandarlıq ənənələlərinin qırılmasına səbəb olur".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib. 

O bildirib ki, əsasən Aran rayonlarında olan otlaq-örüş sahələrinin əkin sahələrinə çevrilməsi heyvandarlıq üçün xammal, ot tədarükünün, quru otun baha olması da heyvandarlığa ziyan vurur:

"Həmçinin, suvarma suyu az olduğu üçün yem tədarükü üçün nəzərdə tutulan sahələrə bitki məhsulları azalır. Kənd təsərrüfatı texnikalarının təminatının, gübrənin baha olması da problemdə rol oynayan amillərdəndir. Siyahını istənilən qədər artırmaq olar. Bütün bu səbəblər ətin azalmasına gətirib çıxaran amillərdir. Məntiqi nəticə olaraq bazarda heyvandarlıq məhsulları olan kərəyağı, süd, ətin qiyməti ildən-ilə artır".

Onun sözlərinə görə, kəndlinin min bir zəhmətlə başa gətirdiyi heyvandarlıq məhsullarının maya dəyərinin yüksək olmasına baxmayaraq bazarda məhsulu lazımı dəyərə verə bilmir:

"Yəni, əldə olunan qiymət və xərclər gəlirin üstünə keçir. Buna görə də heyvandarlar zərərlə işləyirlər. Bunun da əsas səbəbi daxili bazarın qorunmamasıdır. Monqolustandan və digər xarici ölkələrdən sahibkarlar ət gətirir, heyvandarlar zərərə düşür. 

Kənd əhalisinin vergi savadlılığı da azdır. Banklardan heyvandarlığın inkişafı üçün kredit götürürlər, hesabat tərtib olunmadığı üçün vergi hesablanır. Hesablanmış vergiləri qaytarmaq üçün uzun müddət lazım olur. Kəndlilər stress keçirir, loru dildə desək, gözləri qırılır. Ona görə də bu təşkilatlar qarşılıqlı əlaqədə, koordinasiya ilə işləməsi vacibdir. Elə bil konsepsiya yaradılmalıdır ki, sahibkar və kəndliyə problem yaranmasın. 

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Xidməti, banklar kənd təsərrüfatının inkişafına yönələn prosedur hazırlamalıdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top