Şamaxıda ər arvadına xəsarət yetirdi

KRİMİNAL 07 fevral 2025, 17:46
Şamaxı rayonunda 1986-cı il təvəllüdlü Əfsən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Əfsanəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları fərdi yaşayış evində baş verib. Əfsən aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı arvadı Əfsanənin baş və bədən nahiyyəsindən yumruqla qəsdən vurub. 

Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə yaşayır: “Zərərçəkmiş Əfsanə ilə 2014-cü ildə ailə həyatı qurmuşam və birgə nikahdan iki azyaşlı uşaqlarımız doğulub. Ailə qurduqdan sonra ilk vaxtlarda münasibətlərimiz normal olub. Lakin son zamanlar ailə-məişət zəminində aramızda ara-sıra mübahisələrimiz yaranıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, səhər saatlarında evdə olarkən həyat yoldaşı Əfsanə ilə aralarında yenidən mübahisə baş verib: “Həmin vaxt əsəbləşərək, əlim ilə Əfsanənin baş və qol nahiyyələrinə vurdum.

Sonradan Əfsanə Şamaxı Müalicə və Diaqnostika Mərkəzinə müraciət etdi”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əfsanənin sözlərinə görə, Əfsən ilə ailə qurandan sonra münasibətləri normal olmayıb, aralarında münaqişələri olub: “Sonuncu dəfə hadisə günü, saat 08:30-da evdə olan zaman azyaşlı uşağımı bağçaya aparmaqla bağlı aramızda yenidən mübahisə baş verdi. Həmin zaman Əfsən mənim kürək və baş nahiyyələrimə bir neçə dəfə yumruqla vurdu. Ağrılarımın olması səbəbindən Şamaxı Diaqnostika və Müalicə Mərkəzinə müraciət etdim. Daha sonra isə hadisə barədə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim”. 

Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfsənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 fevral 2025, 21:15
07 fevral 2025, 19:59
Top