Ölən şəxsin yerinə alimenti nənə-baba ÖDƏMƏLİDİR? — HÜQUQİ İZAH

SOSİAL 06 fevral 2025, 14:08

Günbəgün artan boşanmalar həm də yeni problemlərin yaranmasına səbəb olur. Həmin problemlərdən biri də alimentin ödənilməməsidir. Bu məhkəmə icraçıları üçün bəlkə də əsas məsələdir. Obyektiv və yaxud subyektiv səbəblərə görə bir çox hallarda alimentin ödənişi gecikir.

Aliment ödənişində son vaxtlar daha bir problem yaranıb. Bu da aliment ödəməli olan şəxsin ölümüdür.

Bəs, belə vəziyyətdə alimenti kim ödəməlidir?

Suala hüquqşünas Aytac Qurbanova aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Ailə Məcəlləsində aliment öhdəliklərinə xitam verilməsinin əsasları aydın şəkildə göstərilib.

“Qanunvericilikdəki əsaslardan biri də aliment alan şəxs və ya aliment ödəyən şəxsin vəfat etməsidir. Məcəlləyə görə aliment ödəyən şəxs vəfat etdikdə onun aliment öhdəliklərinə xitam verilir”.

Bəs, ölümə qədər yaranmış aliment borcunun taleyi necə olur?

Müsahibimiz qeyd edib ki, Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir:

“Bunlara aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və s. daxildir. Belə ki, aliment öhdəlikləri şəxsi xarakter daşıyan öhdəlik olduğundan, miras əmlakın tərkibinə daxil deyil və aliment ödəyən şəxsin ölümündən sonra onun vərəsələrindən tələb edilə bilməz".

Belə vəziyyətdə qarşı tərəf nə etməlidir?

Hüquqşünas deyib ki, qanunvericilikdə nənə və babaların nəvəni saxlamaq vəzifəsi təsbit edilib:

"Belə ki, həmin normaya əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 fevral 2025, 15:55
Top