“Hər üç ölkənin prezidenti bu əlaqələrin inkişafında çox mühüm rol oynayıb” — Politoloq

GÜNDƏM 31 yanvar 2025, 13:10
Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli görüş keçirilib. Görüşdə hər üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edib.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər iqtisadiyyat və nəqliyyat nazirlərinin keçirdiyi görüş şübhəsiz ki, türk dünyasının inteqrasiya yolunda bu üç dövlətin mühüm işinin nəticəsi hesab edilə bilər:

“Türk dövlətlər arasında son zamanlarda həm logistik əlaqələr, həm iqtisadi əlaqələr, həm diplomatik müstəvidəki əlaqələr sürətli şəkildə inkişaf edib. Burada Azərbaycan, Türkiyə və Özbəkistan münasibətləri xüsusən mühüm əhəmiyyət kəsb edir. Hər üç ölkənin prezidenti İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Şövkət Mirzəyev bu əlaqələrin inkişafında çox mühüm rol oynayıblar. Bu əlaqələrin daha da sürətli inkişafına qarşılıq, yəni üç dövlətin prezidenti arasında olan dostluq münasibətləri, şəxsi dostluq münasibətləri əlaqələrin inkişafına daha da böyük töhfələr verir”.

Politoloq onu da vurğulayıb ki, birlikdə icra ediləcək çox layihələr var:

“Azərbaycan, Türkiyə və Özbəkistan arasında və bununla bağlı da görüşdə ehtimal ki, müzakirələr aparılıb. Həmçinin türk dövlətləri təşkilatı platforması çərçivəsində, kənarda da üç dövlətin müxtəlif məsələlərdə bir-birinə dəstək verməsi, diplomatik müstəvidə addımlar atması da xüsusi olaraq gözlənilən məsələlərdəndir. Artıq biz bundan sonra əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələrin şahidi ola biləcəyik. Həmçinin türk dövlətlər təşkilatı çərçivəsindəki iclaslarda müxtəlif sahələr üzrə əlaqələrin daha da gücləndirilməsi səsləndirilib. Bura, əsasən logistik sahəyə daxildir. Yəni nəqliyyat nazirlərinin görüşündə bu şəkildə müzakirə olunub, diplomatik müstəvidə bu dövlətlərin bir-birini dəstəkləməsi vacib bir məsələdir. Çünki artıq dünyada geosiyasi vəziyyət xüsusilə də bizim regionda getdikcə dəyişir. Türk dövlətləri birləşərək bu proseslərdə fəallıq göstərməli və bir-birini müdafiə etməlidirlər. Eyni zamanda da iqtisadi müstəvidə əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, ümumi əməkdaşlığının artırılması istiqamətində də adımlar atılmalıdır. Bu da görüşdə əsas müzakirə edilən mövzulardan biridir. Biz Azərbaycan, Türkiyə və Özbəkistan əlaqələrinin bundan sonra daha da inkişafını görəcəyik”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top