Ermənistan KİV: "Azərbaycanla sərhədin növbəti delimitasiyası Tavuş istiqamətindən başlayıb"

GÜNDƏM 23 yanvar 2025, 14:59

"Ermənistanın Tavuş vilayətindən dünəndən etibarən Ermənistan-Azərbaycan şərti sərhədində delimitasiyanın başlandığı və bir neçə saat ərzində tərəflərin ölçmələr apardığı barədə məlumatlar daxil olur".

Oxu.Az-ın məlumatına görə, bu barədə "Hraparak" qəzeti yazır.

Nəşr Ermənistanın baş naziri Nikol Paşinyanın regionun qubernatoru Ayk Qalumyanı yanvarın 27-dən fevralın 10-dək məzuniyyətə göndərdiyinə diqqət çəkib.

"Dünən qubernatorun qardaşı, Ermənistanın hakim Vətəndaş Sazişi partiyasından olan deputat Vaqe Qalumyan bəyan edib ki, delimitasiya prosesinin başlayıb-başlamadığını bilmir", - deyə müəllif qeyd edib.

Nəşrdə vurğulanır ki, sərhədlərin delimitasiyası üzrə komissiya ötən həftə heç bir təfərrüat təqdim etmədən prosesin Ermənistanın şimalından bərpa olunacağını bildirib.

İşlərin aparılması prinsiplərinə gəlincə, Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib ki, qərarların necə qəbul edilməsi, necə görünməsi və necə qüvvəyə minməsinin dəqiq göstərildiyi təsdiqlənmiş reqlament var və delimitasiya ilə bağlı bütün suallara bu çərçivədə cavab tapmaq olar.

Xatırladaq ki, 2025-ci il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Tərəflər növbəti mərhələdə dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Bundan öncə, 2024-cü ilin mayın 24-də Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarılıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 19:30
Top