Melanya Tramp yeni filmindən danışdı

DÜNYA 16 yanvar 2025, 21:48
İkinci dəfə ABŞ-ın birinci xanım olmağa hazırlaşan Melanya Tramp qatıldığı bir proqramda diqqətçəkən açıqlamalar verib. 

Demokrat.az xəbər verir ki, o, 40 milyon dollarlıq sənədli filminin detallarını paylaşaraq, Ağ Ev üçün yeni mebelləri artıq seçdiyini bildirib.

Yeni "first lady" Melanya Tramp "Fox & Friends" proqramında jurnalist Ainsli Erhartla söhbətində Ağ evdəki ikinci dövrünə dair planlarından danışıb. Xanım Tramp bu dəfə prezidentin həyat yoldaşı olmağa daha hazırlıqlı hiss etdiyini deyib: "Hara gedəcəyimi bilirəm. Yaşayacağımız otaqları tanıyıram. Proses mənə məlumdur".

Melanya Tramp Ağ Evdəki ilk dörd illik dövründə əsas diqqətini 11 yaşlı oğlu Barron Trampın tərbiyəsinə yönəltmişdi. Barron yeniyetməlik dövrünü Ağ Evdə keçirib. Melaniya Tramp oğlunu mətbuatın diqqətindən uzaq saxlayan qoruyucu bir ana kimi tanınırdı.

Hazırda 18 yaşında olan Barron Tramp Nyu-York Universitetinin birinci kurs tələbəsidir. Melaniya Tramp oğlu ilə bağlı fikirlərini belə ifadə edib: "Barron nə istəyirsə, harada olmaq istəyirsə, onun qərarlarına həmişə hörmətlə yanaşıram. O, istədiyi zaman Ağ Evi ziyarət edə bilər".

"First lady" sənədli filminin onun şəxsi ideyası olduğunu bildirən Melanya Tramp bu fikrin "Melanya" adlı xatirə kitabının çox satılmasından sonra ağlına gəldiyini deyib: "Kitab çox uğurlu oldu, bununla fəxr edirəm. İnsanlar məndən daha çox şey eşitmək istəyirlər. Buna görə də həyatım haqqında bir film çəkmək qərarına gəldim. Həyatım inanılmaz dərəcədə zəngindir".

Sənədli film Melanyanın gündəlik həyatından, öhdəliklərindən və ikinci dəfə Ağ evə dönməyin onun üçün nə demək olduğundan bəhs edəcək. Film bu payız kinoteatrlarda nümayiş olunacaq, daha sonra isə "Amazon" platformasında yayımlanacaq.

"Amazon" müqavilə çərçivəsində filmin hüquqları üçün 40 milyon dollar ödəyib. Bu məbləğin nə qədərinin birinci xanımın özünə çatdığı isə məlum deyil.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top