Bakıda darvazanı dayanacaq "təyin" etdilər, qaz borusuna nişan vurdular

HADİSƏ 14 yanvar 2025, 12:27
Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində sakinin evinin qarşısına dayanacaq nişanı quraşdırılıb.

Demokrat.az bildirir ki, bununla bağlı görüntü sosial şəbəkədə paylaşılıb.

Hüseynbala Əliyev küçəsində, darvazanın düz qarşısında belə bir nişanın qaz borusuna birləşdirilməsi sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Dayanacaq nişanı varsa, həmin yerdə avtobus gözləyənlərin yağışlı, günəşli, küləkli havalarda dayanması üçün pavilyonun quraşdırılmalı olduğunu hesab edənlər də olub.

Bəs sakinin düz evinin qarşısında dayanacaq nişanının, eləcə də pavilyonunun quraşdırılması nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Oxu.Az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, infrastrukturun və yaşayışın sıx olduğu ərazilərdə sərnişin axını və tələbat nəzərə alınaraq, bu formada dayanacaq yerinin təyin edilməsində hər hansı bir məhdudiyyət yoxdur:

"Lakin sakinləri narahat edən məsələ varsa, nişanın yeri dəyişdirilə bilər. Bunun üçün əraziyə baxış keçiriləcək".

Agentlikdən, həmçinin qeyd edilib ki, Bakı şəhərinin bir çox hissəsində avtobus dayanacaq məntəqələrinin yerlərinin müəyyən edilməsi üçün mütəmadi olaraq təhlillər aparılır:

"Mövcud səki infrastrukturu nəzərə alınaraq, ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. Pirşağı qəsəbəsinin sözügedən ərazisində də dayanacaq məntəqəsi müəyyən edilib. Səki infrastrukturu isə pavilyonun quraşdırılması üçün əlverişli deyil".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top