"Bütün hallarda Azərbaycan neftinin satış qiyməti..." — AÇIQLAMA

İQTİSADİ 10 yanvar 2025, 13:21
Azərbaycan nefti bahalaşmaqda davam edir. "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,15 ABŞ dolları və ya 0,19% artaraq 79,63 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti 79,48 dollar təşkil edib.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, 2025-ci ildə bazar iştirakçılarının və əmtəə analitiklərinin təxmin etdiyi tədarük çoxluğu olmayacaq:

“2025 -ci ildə qlobal neft bazarları OPEC + alyansının neft bazarlarında tarazılığın təmin edilməsinə və neft qiymətlərində mümkün dəyişkənliyin aradan qaldırlmasına hesablanmış hasilat siyasətindən, geosiyasi vəziyyətdən, neft sektoruna yönəlik investisiya həcmlərindən, tələbatdan aslı olaraq dünyada mövcud emal güclərinin gündəlik xammalla yüklənməsindən, ABŞ-da şist neft hasilatının dinamikasından, təchizat zəncirinin vəziyyətindən, dünya avtomobil parkların strukturunda elektromobillərin iştirak payından, Rusiya və İrana tətbiq olunan sanksiyaların icra vəziyyətindən asılı olacaq. Bu il bazar iştirakçılarının və əmtəə analitiklərinin təxmin etdiyi tədarük çoxluğu olmayacaq”.

Ekspert əlavə edib ki, cari ilin yanvar ayından başlayaraq neft qiymətlərində artımlar bir neçə səbəblə bağlı idi:



“Bunlar Tramp administrasiyasının Rusiya və İranın neft ixracına qoyulan sanksiyaların təsirinin artma qorxusu ilə, Çinin Şandun limanının sanksiya altında olan neft tankerlərinin limana giriş qadağası ilə, neft ticarətində müşahidə edilən artımla , qlobal qaz bazarlarında balans pozulması ilə, qlobal kommersiya təyinatlı neft ehtiyatlarının azalması ilə bağlıdır. Bütün hallarda növbəti ildə neft qiymətləri barel hasili ilə 70 -75 dollar arasında dəyişəcək. Azərbaycana məxsus  “Azeri Light” və “BTC Blend” markalı ixrac neftinin qiymətləri Liviya , Nigeriyaya məxsus yüngül neft markalarının  və eləcə də ABŞ-yə məxsus “WTI” markalı neftin Aralıq dənizi enerji bazarlarına daxil olacaq ixrac həcmlərindən asılı olacaq. Bütün hallarda Azərbaycan neftinin satış qiymətləri, “Brend” “Etalon” markalı neftə nisbətdə premiya ilə satılacaq”.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top