Amerika Kino Akademiyası "Oskar" mükafatına namizədlərin açıqlanmasını Los-Anceles dairəsindəki (Kaliforniya ştatı) yanğınlar səbəbindən 17 yanvardan 19 yanvara keçirib.
Bu barədə "Deadline" portalı məlumat yayıb.
"Kaliforniyadakı dağıdıcı yanğınlardan zərərçəkənlərə başsağlığı veririk. Akademiyanın bir çox üzvü, həmkarlarımız Los-Anceles bölgəsində yaşayır və işləyir. "Oskar"a namizədlərin açıqlanması 19 yanvarda keçiriləcək", - portal Amerika Kino Akademiyasının direktoru Bill Kramerin məktubundan sitat gətirir.
Qeyd edək ki, 97-ci "Oskar" mükafatının təqdimetmə mərasimi isə martın 2-də keçiriləcək. Mərasimin aparıcısı komediya ustası Konan O'Brayen olacaq.
Xatırladaq ki, bir gün əvvəl ABŞ-nin Los-Anceles regionunda meşə yanğınları başlayıb. Təbii fəlakətlə əlaqədar təxminən 100 min insan təxliyə olunub. Məhv olan binalar arasında Hollivud ulduzlarının malikanələri də var, həmçinin "Hollywood" embleminin olduğu təpə də alovlar içindədir. (Oxu.Az)