Arıqlamağa qoymayan hormonal problemdən xilas üçün beş məhsul

MARAQLI 09 yanvar 2025, 08:35
Soyuq mövsümlərdə orqanizm xüsusi qayğıya ehtiyac duyur. Bəziləri qışda əhval-ruhiyyələrinin düşdüyünü və çəkilərinin artdığını müşahidə edir. Ancaq belə hal təkcə günəş və hərəkət çatışmazlığı ilə bağlı deyil.

Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq Yekaterina Kazaçkova danışıb.

Onun sözlərinə görə, hormonal fona birbaşa təsir göstərən qidalanma mühüm rol oynayır.

"Biz tez-tez hormonal pozğunluqların mövsümi kəskinləşməsi ilə qarşılaşırıq. Xəstələr yorğunluqdan, əhval-ruhiyyə dəyişkənliyindən və çəkiyə nəzarət çətinliyindən şikayət edirlər. Amma düzgün qidalanma vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Axı elə qidalar var ki, onlar təkcə dadlı deyil, həm də endokrin sistemə güclü təsir göstərir", - deyə Kazaçkova qeyd edib.

Mütəxəssis siyahısında birinci məhsulun yağlı balıq olduğunu bildirib.

"Qızılbalıq, skumbriya, sardina omega-3 yağ turşuları ilə zəngindir. Onlar hormonların istehsalını tənzimləməyə kömək edir, orqanizmdə iltihabı azaldır və qalxanvari vəzin sağlamlığını qoruyur".

Həkimin sözlərinə görə, müsbət dəyişiklikləri görmək üçün həftədə iki-üç dəfə balıq yeməyi menyuya daxil etmək kifayətdir.

"İkinci məhsul avokadodur. Bu meyvə hormonların sintezi üçün lazım olan sağlam yağlarla zəngindir. Bundan əlavə, avokado reproduktiv sistemi dəstəkləyən "E" vitamini ilə zəngindir. Gündə yarım avokado səhər yeməyinə və ya salata əla əlavə ola bilər", - deyə Kazaçkova əlavə edib.

Mütəxəssis üçüncü məhsul kimi turşu kələmi qeyd edib.

"Fermentləşdirilmiş məhsullar faydalı xüsusiyyətləri ilə tanınır. Kələm turşusunun hormonal fona təsiri çox vaxt lazımınca qiymətləndirilmir. Məsələ ondadır ki, fermentasiya prosesində kələmdə qalxanvari vəzin işinə müsbət təsir göstərə bilən xüsusi maddələr əmələ gəlir. Bu, xüsusilə sağlam çəki atmağa çalışanlar üçün vacibdir. Kələm turşusu bağırsaqlarımızın sağlamlığını qoruyan faydalı bakteriyalar - probiotiklərlə zəngindir. Sağlam bağırsaq isə qida maddələrinin düzgün mənimsənilməsi və bəzi hormonların istehsalı üçün açardır", - deyə həkim izah edib.

Onun sözlərinə görə, turşu kələm, həmçinin "C" vitamini və liflərlə zəngindir. "C" vitamini orqanizmə streslə daha yaxşı mübarizə aparmağa, liflər isə karbohidratların yavaş mənimsənilməsinə kömək edir ki, bu da qanda şəkərin kəskin artmasının qarşısını alır.

"Dördüncü məhsul sarıkökdür. Bu ədviyyat güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir və stres hormonu olan kortizolun səviyyəsini tənzimləməyə kömək edir".

Endokrinoloq sarıkökü şorbalara, smuzilərə və ya yatmazdan əvvəl isti südə əlavə etməyi məsləhət görüb.

"Nəhayət, beşinci məhsul qozdur. Onlar böyrəküstü vəzilərin düzgün işləməsi üçün lazım olan maqneziumla zəngindir. Bu vəzilər kortizol və adrenalinin istehsalına cavabdehdir. Gündə bir ovuc qoz əla qəlyanaltı və hormonal sistem üçün dəstək ola bilər", - deyə Kazaçkova bildirib.

Mütəxəssis vurğulayıb ki, tək bu məhsulların qida rasionuna daxil etmək hormon problemlərinin tam həllini təmin etmir.

"Hər orqanizm unikaldır və birinə uyğun gələn digərinə uyğun gəlməyə bilər. Düzgün qidalanma endokrin sistemin sağlamlığını qorumaq üçün kompleks strategiyanın yalnız bir hissəsidir. Müntəzəm fiziki aktivlik, tam yuxu və stresin idarə edilməsi də eyni dərəcədə vacibdir. Lakin kiçik addımlarla başlamaq həmişə yaxşı fikirdir. Bu məhsulları tədricən qida rasionunuza daxil etməyə çalışın və dəyişiklikləri izləyin. Unutmayın ki, qida rasionunda kəskin dəyişikliklər orqanizm üçün stres yarada bilər. Buna görə də, biz dəyişiklikləri tədricən, bədəninizi dinləyərək etməyi tövsiyə edirik", - deyə Kazaçkova sözlərini yekunlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top