Tovuzda 45 yaşlı kişi qonşusuna xəsarət yetirdi

KRİMİNAL 08 yanvar 2025, 14:25
Tovuz rayonunda 1980-ci il təvəllüdlü Mustafa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Əhmədə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonunun Qovlar şəhərində baş verib. Mustafa qonşusu Əhmədə yaxınlaşaraq gecə vaxtı onun yaşadığı evin qarşısında olmasının səbəbini aydınaşdıran zaman şəxsi münasibətlər zəminində aralarında mübahisə edib. 

Yaranmış mübahisə zamanı Mustafa Əhmədin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Mustafanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mustafa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Əhməd onun qonşusudur, əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmayıb: “15 may 2023-cü ildə, saat 23 radələrində sərxoş halda yaşadığım evə gedərkən qonşum Mustafanın yaşadığım evin qarşısında telefonla danışdığını gördüm. Həmin vaxt sərxoş halda Mustafaya yaxınlaşaraq ona yaşadığım evin qarşısından getməsini bildirdim. Bu vaxt aramızda mübahisə baş verdi. Mən bir dəfə Mustafanın sifətindən yumruq zərbəsi ilə vurdum. Onu vurduqdan sonra səsə qonşularımız gəldi və bizi sakitləşdirərək araladılar”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əhmədin sözlərinə görə, təqsirləndirilən Mustafa onun qonşusudur, əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmayıb: “Mayın 15-də, saat 23 radələrində küçədə qonşumun internetindən istifadə edərək telefonla danışarkən Mustafa sərxoş halda gələrək mənə orada niyə dayandığımı irad şəklində bildirdi. Bundan sonra aramızda mübahisə oldu. Mustafa mənim üzümdən bir dəfə yumruqla vurdu. Sonradan səs-küyə bir neçə qonşu gələrək bizi ayırdılar”. 

Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mustafa aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 4 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top