Söyüşə görə dostunu bıçaqladı

KRİMİNAL 09 dekabr 2024, 13:35
Bakının Səbail rayonunda 1991-ci il təvəllüdlü Bayram Məlikov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Namiq Vəliyevi bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bayram istifadəsində olan mobil telefon vasitəsilə tanışı Namiq ilə danışıb və ondan ona olan borcunu istəyib. Namiq ilə aralarında mübahisə yaranıb. 

Bundan 10 gün sonra, yəni 27 avqust 2023-cü ildə, saat 01:00-sa  Səbail rayonunda yerləşən Səbail rayonu poçtunun qarşısında Bayram Namiqlə rastlaşıb. Bayram həmin xüsusatla bağlı şəxsi münasibətlərin pozulması zəminində yenidən aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə üzərindəki təyinatı istintaqa məlum olmayan bıçaqla bir dəfə Namiqə zərbə vurub. 

Hadisəni törədən Bayramın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bayram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Namiqlə dost olub: “Namiq bir gün məndən 100 manat məbləğində borc pul istədi. Borcunu 10-15 gün sonra qaytaracağını bildirdi. Həmin borcun qaytarılmasının vaxtı çatanda Namiqlə telefonda danışarkən borc pulunun geri qaytarmasını istədim. Bu zaman Namiq məni telefonda təhqir etdi. Bu hadisədən təxminən 4-5 gün sonra, gecə saat 1 radələrində Namiqin gəldiyini uzaqdan gördüm və özüm ilə mətbəx bıçağını götürdüm. Namiqə yaxınlaşaraq məni hansı səbəblə təhqir etdiyini soruşdum. Namiq məni itələdi. Mən Namiqi qorxutmaq üçün bıçağı çıxaranda həmin bıçaq ona dəyib”.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Namiqi 10 ildir tanıyır: “Mən kafe işlədirdim. Namiq əvvəllər yanıma müştəri kimi gəlirdi. Sonradan Namiqlə dostluq münasibətlərim yarandı. Namiq məndən borca götürdüyü pulu 15 gün müddətə qaytarmalı idi. Namiq məni telefonda təhqir edən vaxt içkili olmuşam. Bundan təxminən 4-5 gün sonra təsadüfən Namiqin kafenin qarşısına gəldiyini gördüm. Məlum hadisə baş verən vaxt mən Namiqi kafedən təxminən 50 metr uzaqlıqda görmüşdüm. Gecə olsa da, küçə işıqlı olduğu üçün Namiqi görə bildim. Mənim özüm ilə mətbəx bıçağını götürməkdə məqsədim Namiq mənə əl-qol atacağı təqdirdə onu bıçaqla qorxutmaq olmuşam. Namiq mənim sinəmdən itələdi. Mən bıçağı arxa cibimə qoymuşam. Lakin sonradan bıçaq yerə düşdü və tapa bilmədim. Məlum hadisə baş verən vaxt Namiq və mənim yanımda başqa şəxs olmayıb. Namiqə ikinci bıçaq zərbəsi vurmaq imkanım olub, lakin vurmadım. Vurmamaqda məqsədim isə Namiqi qorxutmaq olub. Mən əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuşam. Cəzamı şərti olaraq çəkmişəm. Törətdiyim əməlindən peşmanam, zərərçəkmiş şəxslə barışmışam”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. Həmin ifadədən məlum olur ki, 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə şərti olaraq məhkum olunub: “Ailədə 4 qardaş və 1 bacım var, evin sonuncu övladıyam. 2010-cu ildə yaşadığım Cəlilabad rayonundan Bakı şəhərinə gələrək Neft Akademiyasında tələbə olmuşam. 2013-cü ildə institutu bitirmişəm və son zamanlarda yaşadığım Bayıl qəsəbəsində poçtla üzbəüz olan yerdə Elvin İsmayılova məxsus çayxananı Xəyalə adlı bir xanımla birlikdə icarəyə olaraq çayxana kimi işlədirəm. Zərərçəkmiş Bayram ilə 10 ildir ki, tanışlıq münasibətim yaranıb. Törətdiyim sonuncu hadisədən təxminən 15 gün əvvəl Namiqdən 10 gün müddətində qaytaracağımı deyərək 100 manat borc pul almışam. 10 gün sonra işlətdiyim çayxanada olan zaman Namiqə verdiyim borc pulu ondan geri istədim. Namiq yenə də gətirib verəcəyini dedi. Bundan sonra Namiq pulu gətirmədiyi üçün onun mobil telefon nömrəsinə zəng edərək verdiyim pulu niyə gətirmədiyini dedim. Namiqlə telefonda aramızda narazılıq oldu. Namiq nalayiq sözlər dediyi üçün bu çox pis təsir etdi”. 

Bayram qeyd edib ki, 27 avqust 2023-cü ildə, saat 1 radələrində icarəyə işlətdiyi çayxanada olan zaman Namiqin tək olaraq çayxanaya tərəf piyada olaraq gəldiyin görüb: “Həmin zaman Namiqin mobil telefonda nalayiq sözlər deməsi mənə pis təsir etdiyindən əsəbləşdim. Çayxanada olan mətbəx bıçağın götürərək Namiqin qabağın kəsdim, nəyə görə telefonda verdiyim borc pulu istədikdə nalayiq sözlər deməsini soruşdum. Namiq cavabında yaxşı etdiyini, vermədiyini deyərək əl-qol atdıqda özümdə olan həmin bıçaqla bir dəfə Namiqin qarnından vuraraq oradan uzaqlaşdım. Namiqi vurduğum bıçağı tulladım. Lakin bıçağı harada atmağımı unutduğum üçün yerini dəqiq deyə bilmədim. Namiqi bıçaqla vurmaqda məqsədim ona xəsarət yetirmək olub. Əvvəllər aramızda yoldaşlıq münasibəti olduğu üçün onu öldürmək fikrim olmayıb. Həmin hadisə zamanı Namiqə bir yox, bir neçə bıçaq zərbəsi vurmağa imkanım olub. Lakin bunu etməmişəm. Namiqə yalnız bir bıçaq zərbəsi vurmuşam. Namiqlə telefonda aramızda olan həmin mübahisə barədə heç kimə məlumat verməmişəm. Namiqi vurub xəsarət yetirdiyim həmin bıçağı işlətdiyim çayxanada limon və ya rulet kəsmək üçün istifadə etmişəm. Bıçağı məndən başqa çayxanada olan Xəyalə də görüb. Namiqi bıçaqla vuran zaman ətrafda heç kim olmayıb”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bayram 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top