Psixoloq: "Çətin tərbiyə olunan uşaqların xüsusi müəssisələrə keçirilməsi ilə orta məktəblərdə problemlər azala bilər"

SOSİAL 09 dekabr 2024, 13:22
Elm və Təhsil Nazirliyi Bakı şəhəri Suraxanı rayonunda çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradıb. Elm və Təhsil Nazirliyinin Uşaqların müdafiəsi idarəsi rəisinin müavini Günel Səfərovanın sözlərinə görə, açıq tipli müəssisə 2025-ci ildə fəaliyyət göstərəcək.

Psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında deyib ki, çətin tərbiyə olunan uşaqlarla məsələni çox vaxt dövlət müəssisələri gizlədir. 

O qeyd edib ki,  nəticədə həmin uşaqlar müəssisədə başqa problemlər də yaradırlar:

“Dövlət müəssisələri bunları deməyi sanki məktəbin adına bir ləkə hesab edir. Çətin tərbiyə olunan uşaqlar normal orta məktəblərdə oxumamalıdırlar. Çünki orta məktəblərdə psixoloqlar onlara yetərincə diqqət, qayğı göstərə, onları korreksiya edə bilmirlər. Amma xüsusi tip müəssisələrdə artıq yetəri qədər təcrübəli mütəxəssislər çalışdığı üçün bu uşaqlarla bağlı müəyyən irəliləyişlər alınır. Amma mən düşünməzdim ki, çətin tərbiyə olunan uşaqlarla zorakılığa məruz qalmış uşaqlar eyni məktəbdə oxuya bilərlər. Çünki çətin tərbiyə olunan uşaq davranışı pozulmuş, aqressiv uşaqdır. Amma zorakılıq görmüş uşaq özgüvəni itmiş, travma almış,müxtəlif psixoloji problemləri olan uşaqlardır. Onların həyata baxışları, düşüncə tərzləri fərqli olur. Ona görə bu iki kateqoriya uşaqlar bir-birindən ayrılmalıdır”.
 
Ekspert bildirib ki, çətin tərbiyə olunan uşaqların xüsusi müəssisələrə keçirilməsi ilə orta məktəblərdə problemlər də azala bilər:

“Orta məktəblərdə dərslər daha normal şəkildə keçəcək. Çünki həmin uşaqlar dərsi pozur, müəllimə hörmətsiz yanaşır, telefonla müəllimi çəkib paylaşır, yoldaşlarını döyür, etik olmayan ifadələr işlədirlər. Digər tərəfdən həmin məktəbdə elə bir rejim, sistem qurulur ki, uşaqlar orada düzəlirlər. Bakının Türkan kəndində çətin tərbiyə olunan uşaqların məktəbi var. O məktəbə gedən uşaqlar görürəm ki, müəyyən müddətdən sonra düzəlirlər”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top