Enerji təhlükəsizliyi: Əhali və qeyri-əhali qrupların enerji istehlakınin əsas göstəriciləri

SƏNAYE VƏ ENERGETİKA 03 dekabr 2024, 13:29
Azərbaycanın enerji sektorunda texnoloji inkişafı təşviq etməklə, beynəlxalq enerji bazarlarında daha geniş iştirak imkanı yaradan innovativ enerji layihələrinin reallaşdırılması beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqdan irəli gəlir. Hal-hazırda  təbii yanacaq ehtiyatlarının azalması, enerji qiymətlərinin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması enerji təhlükəsizliyini təmin etmək üçün dayanıqlı strategiyanın müəyyənləşdirməsini zəruri edir. Enerji təhlükəsizliyinin təmin edilməsində əhali və qeyri-əhali qruplarının enerji daşıyıcıları ilə etibarlı təminatı, enerji növlərinin şaxələndirilməsi, mövcud enerji resurslarından səmərəli istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycan  Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının tövsiyyələrinə əsaslanmaqla “Azərişıq” ASC tərəfindən enerji resurslarından səmərəli istifadə edilməsi, biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivəsində elektrik təchizatının təkmilləşdirilməsi ölkəmizin dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

2024-cü ilin oktyabr ayının 1-nə olan rəsmi məlumatlara əsasən, ölkədə elektrik enerjisi üzrə əhali qrupuna aid istehlakçıların sayı 2790344 nəfər, qeyri-əhali qrupuna aid istehlakçıların sayı (Naxçıvan MR istisna olmaqla) 188877 nəfər təşkil etmişdir. Əhali və qeyri-əhali qruplarına aid istehlakçıların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təmin etmək üçün "ASAN xidmət",  "ASAN Kommunal",  kiçik və orta biznes evlərinə və ya elektron hökumət portalı vasitəsilə müraciət edə bilərlər. “Azərişıq” ASC-də  istehlakçı məmnunluğunun təmin edilməsi istiqamətində  müraciət və  sorğulara operativ cavab verilməsi “Vətəndaş müraciətləri haqqında”, o cümlədən “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanunlar rəhbər tutulmaqla həyata keçirilir. Əsas məqsəd əhali və qeyri-əhali qruplarının müraciətlərinin operativ cavablandırılması, mübahisəli məsələlərin araşdırılması və həlli istiqamətində istehlakçı məmnununluğunun təmin edilməsindən ibarətdir. Ölkənin enerji təhlükəsizliyinin təminatının əsas vasitəsi kimi enerji resurslarından səmərəli istifadənin təmin edilməsilə enerji effektivliyinin artırılması, energetika subyektlərinin və enerji istehlakçılarının maraqları arasında balansın təmin olunması “Azərişıq” ASC-nin əsas hədəflərindəndir.

İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar “Azərişıq” ASC-nin əməkdaşlarının iştirakı ilə sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir. Enerji istehlakçılarının istifadə etdiyi avadanlıq və cihazların texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğunluğu cəmiyyətin əməkdaşları tərəfindən yoxlanılmalıdir. Əhali qrupuna aid müəyyən istehlakçılar  “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan sertifikatlaşdırılmayan məhsul və qurğulardan istifadə edirlər ki, bu da elektrik təchizatı sahəsində qəza hallarına gətirib çıxarır. Elektrik təchizatı şəbəkələrinə qoşulma zamanı “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən, o cümlədən bu sahədə media tərəfindən maarifləndirici təbliğat işlərinin həyata keçirilməsi perspektivdə qəzaların minimal həddə enməsinə səbəb ola bilər.

Yalçın Köçərli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top