Gürcüstanda etirazlar davam edir — Zurabişvili yeni seçkilərə çağırdı

DÜNYA 01 dekabr 2024, 12:18
Gürcüstanın qərbyönlü prezidenti Salome Zurabişvili hökumətin Avropa İttifaqına üzvlük danışıqlarını dayandırmaq qərarına etirazlar davam etdiyi üçün yeni parlament seçkiləri keçirilənə qədər vəzifəsində qalacağını bildirib.

Demokrat.az xəbər verir ki, o bu barədə BBC-yə danışıb.

Müxalifətin tərəfində olan Zurabişvili ötən ay keçirilən seçkilərdə saxtakarlıq iddialarından sonra hazırkı parlamenti “qeyri-legitim” adlandırıb.

Prezident bildirib ki, ölkənin yeni seçilmiş parlamenti onun yerinə deputatı dekabrın 14-də seçəcəyini deməsinə baxmayaraq, o, prezident vəzifəsini qoruyub saxlayacaq.

Qeyd edək ki, Gürcüstanın bir çox şəhərlərində, xüsusilə də paytaxt Tbilisidə etiraz aksiyaları davam edir. Son məlumatlara görə, etirazçılar paytaxtın Çavçavadze prospektində nəqliyyatın hərəkətini kəsiblər. Onlar daha əvvəl olduğu kimi, səhər saatlarında etirazları dayandıraraq dağılışmayıblar.

Artıq iki gündür Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilir. Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyaları təhlükəsizlik qüvvələri zorakılıqla dağıtmağa cəhd edib. Bu da etirazçılarla su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələri arasında toqquşmaya səbəb olub. İki gün ərzində polis təxminən 150 nəfəri saxlayıb.

Xatırladaq ki, ölkədə baş tutan genişmiqyaslı etiraz aksiyalarının səbəbi Gürcüstanın baş naziri İrakli Kobaxidzenin noyabrın 28-də verdiyi açıqlama olub.
O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək qərarına gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 14:58
Top