HƏMAS-la da atəşkəs imzalana bilər — Politoloqdan AÇIQLAMA

DÜNYA 27 noyabr 2024, 18:05
İsraillə Livanın Hizbullah hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib. Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarəti nəzərdə tutur. 

İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq. Fələstinin HƏMAS hərəkatı da Qəzza zolağında atəşkəslə bağlı razılığa gəlməyə hazır olduğunu bildirib. 

Həmas girovların mübadiləsinə razı olduğunu da açıqlayıb.

İsraillə HƏMAS arasında da atəşkəs gözlənilirmi?

Siyasi şərhçi Samir Hümbətov Demokrat.az-a açıqlamasında deyib ki, uzun müddət davam edən müharibənin sonunda sülh olmasa da, atəşkəs anlaşması imzalana bilər: 

“İsraillə HƏMAS arasında müharibənin bu qədər uzandığı bir vaxtda, atəşkəsə nail olunması mümkündür. Amma bu anlaşma uzun müddətli, yoxsa müvəqqətimi olacaq, bunu zaman göstərəcək. Şəxsi qənaətim, əldə etdiyim təcrübə, apardığım analizlərə əsasən deyə bilərəm ki, bu anlaşma yenə də müvəqqəti ola bilər. Bir müddət sonra İsraillə HƏMAS arasında yeni bir toqquşma ehtimalı qaçılmazdır. Çünki münaqişəyə, silahlı qarşıdurmaya, tərəflər arasındakı açıq müharibəyə səbəb olan qanuni müzakirə predmeti kənarda saxlanır. Bu müzakirə predmeti kənarda saxlandığı müddətcə qarşıdurma qaçılmazdır, beynəlxalq hüququn pozulması ehtimalı qüvvədədir”. 

Ekspertin fikrincə, münaqişənin uzunmüddətli həlli üçün beynəlxalq mexanizmlər işə düşməlidir: 

“Bu yoxdursa, tərəflər arasında anlaşmaya nail olunacağı hələ ki real görünmür. Tərəflər arasında münasibətlər necə olacaq, əsirlərin qaytarılması baş verəcəkmi, sual altındadır. Belə hallar birinci dəfə deyil baş verir. 

Proses indiyədək mütəmadi olaraq davam edib. Tənzimləmə prosesi hüquqi mexanizmlər əsasında aparılmadıqca atəşkəs anlaşması müvəqqəti xarakter daşıyacaq və hər an partlamağa hazır vəziyyətdə olacaq”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top