Tələbələrin akademik göstəricilərinə təsir edəcək — Fonddan müsbət addım

SOSİAL 27 noyabr 2024, 15:59
Xəbər verdiyimiz kimi, Təhsil Tələbə Kredit Fondunun (TTKF) indiyədək kredit götürən və təhsilini uğurla başa vuran məzunlara bağışladığı vəsaitin həcmi 433 min manatı ötüb. Bu barədə  Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov məlumat verib. 

O bildirib ki, sosial kredit götürən və məzun olan 171 nəfər tələbə ilə bağlanmış 399 müqavilə üzrə 91 və daha yüksək nəticə ilə təhsilini tamamladığından təhsil dövrü boyunca əldə etdikləri kredit məbləğinin 50 faizi onlara bağışlanıb. Bağışlanan vəsaitin ümumi həcmi 221 729 manat təşkil edib. 

Təhsil tələbə kreditindən yararlanıb təhsilini başa vuran 6347 təhsilalanla Fond arasında ümumilikdə 13396 kredit müqaviləsi bağlanılıb. Sədrin sözlərinə görə bir tələbə bir neçə dəfə müqavilə bağlaya bilər. 

Belə ki 6347 nəfər arasında da bir və daha çox müqavilə bağlayanlar olub: 

“Təhsilalanlarla müqavilələr semestr üzrə bağlanılır və təhsil haqqının bir semestrə düşən hissəsini əhatə edir". 

B.Əzimov qeyd edib ki, kredit götürən məzun olmuş 3706 nəfərlə bağlanan 6904 müqavilə faizsiz olub: 

“Qaydalara əsasən, sosial təhsil tələbə krediti əldə etmiş tələbənin semestr sonunda ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) balı 71 və daha yuxarı, standart təhsil tələbə kreditindən yararlanan tələbənin ÜOMG balı 91 və daha çox bal olarsa, həmin semestr üzrə kreditlərə faiz hesablanmır”. Məlumata görə indiyədək məzun olan 389 nəfərlə bağlanan 909 standart kredit müqaviləsi üzrə məbləğin 25 faizi bağışlanıb. Bağışlanan həmin vəsaitin ümumi məbləği 211 781 manat təşkil edib.

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bu məqamı müsbət dəyərləndirib. 

O vurğulayıb ki, bu, hər kəsin təhsil almaq imkanları ilə təmin olunması prinsipinin qorunub saxlanılmana xidmət edir:

“Bilirsiniz ki, ölkədə təhsil almaq istəyib amma maddi çətinliklər səbəbilə təhsili yarımçıq qalan və ya təhsil ala bilməyən insanlar var. Hazırda belə bir imkan dövlət başçısının müvafiq sərəncamı əsasında Təhsil Tələbə Kredit Fondunun yaradılması ilə baş tutdu. Bu fondun yaradılmasından sonra əvvəlki dövrlərlə müqayisədə təhsilini yarımçıq qoyan şəxslərin sayı azalıb. 433 min manatın bağışlanması müsbət məqamdır. 

Qeyd olunduğu kimi, təhsil almaq üçün  kredit götürən şəxslərin təhsil aldıqları dövr ərzində nəticələri yüksək olarsa, ümumi ortalama göstəriciləri 91 bal və daha yuxarıdırsa, onların kreditləri bağışlanır. Və göründüyü kimi dövlət tərəfindən verilən bu söz tutuldu. 

Düşünürəm ki, bu, bir növ kredit götürmək istəyən və yaxud kredit götürən şəxslər üçün stimul olacaq. Belə olan halda həmin şəxslər həm təhsillərini davam etdirəcək, həm də daha yaxşı oxumağa çalışacaqlar. Fikrimcə, qarşıdakı dövr ərzində fonddan kredit götürən tələbələrin sayı da artacaq. Bununla paralel tələbələrin akademik göstəricilərinə də bu məqam təsir etmiş olacaq, yüksək nəticə göstərənlərin sayı artacaq”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top