Yağışlı havada piyadaların təhlükəsizliyi üçün bu tədbirlər görülməlidir — Ekspert AÇIQLADI

GÜNDƏM 26 noyabr 2024, 20:35
 Baş Dövlət Yol Polisi yağışlı havaya görə piyadalara çağırış edib. Qeyd olunub ki, hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən, yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır. İdarədən məlumata görə, təhlillər göstərir ki, yağmurlu havada yolların sürüşkənliyi, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayına əhəmiyyətli dərəcədə təsir göstərir: “Bununla yanaşı, əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində yol hərəkəti qaydalarına sözsüz əməl etməyə, yuxarıda sadalanan xüsusatları nəzərə alaraq, öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağa çağırır”, - deyə DYP-nin məlumatında bildirilir. 

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, küçə və yollarda piyadaların təhlükəsizliyi və rahat hərəkəti üçün şərait yaradılmalıdır:


“Həmçinin, küçə-yol şəbəkəsində trafiki sakitləşdirən elementlərin sayı artırılmalıdır. Küçələrdə işıqlandırmanın səviyyəsi yüksəldilməlidir. Sutkanın qaranlıq saatlarında piyadaların keçdiyi ərazilərdə, piyada keçidlərinin olduğu yerlərdə işıqlandırmanı yaxşı təşkil etmək lazımdır ki, sürücülər uzaq məsafədən bunu görə bilsinlər və piyadalar yolu rahat keçə bilsinlər. Şəhər daxilində zolaqların ensizləşdirilməsinə başlanılıb. Daha geniş arealda bunun təşkilinə ehtiyac var. Həmçinin zolaq sayının ikidən artıq olduğu küçə və prospektlərdə sırf keçid məntəqələrində təhlükəsizlik adacıqları olmalıdır. Bunun nümunələri var, paytaxtın bir neçə küçəsində artıq təhlükəsizlik adacıqları qurulub. Səkilərin önündəki bütün bariyerlər aradan qaldırılmalıdır ki, piyadalar şəhərin küçələrində əvvəldən axıradək maneəsiz və rahat hərəkət edə bilsinlər. Qısa məsafədə onlara keçid imkanı yaratmaq lazımdır. Belə olduğu halda artıq nizamlı bir piyada hərəkəti müşahidə edəcəyik. Hava şəraitindən asılı olmayaraq piyadalar öz yolu ilə rahat və təhlükəsiz hərəkət edə biləcəklər”. 
Ekspert dünyanın hər yerində qəzaların qaçılmaz olduğunu söyləyib: 

“Məqsəd qəzaların nəticəsini minimumlaşdırmaq olmalıdır. Qəzanın nəticəsi maddi ziyan və yüngül xəsarət olmalıdır. Bu yöndə ciddi maarifləndirmə aparılmalı və infrastrukturda qeyd olunan çatışmazlıqlar aradan qaldırılmalıdır. İnsanlar həm piyada, həm də sürücü olaraq yollarda rahat və təhlükəsiz hərəkət edə bilməlidirlər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top