Masallıda 29 yaşlı oğlan həmkəndlisini niyə bıçaqladı? — TƏFƏRRÜAT

KRİMİNAL 25 noyabr 2024, 17:54
Masallı rayonunda 1985-ci il təvəllüdlü Hikmət Bayramov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Şamxal Muxtarzadəyə bıçaqla xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 9 fevral 2024-cü ildə, gecə saat 2 radələrində Masallı rayonunun Yeddioymaq kəndində baş verib. 

Hikmət kənddə yerləşən özünün icarə əsasında işlətdiyi kafenin qarşısında tanışı olan Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan, amma rayonunun Qasımlı kəndində yaşayan Şamxalla söhbət edib. 

Bu zaman Hikmət 10 iyul 2023-cü ildə qardaşına məxsus olan ət kəsimi məntəqəsinin yanmasında iştirakının olub-olmamasını aydınlaşdırmaq istəyərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan bıçaqla Şamxala qəsdən bir dəfə zərbə vurub. 

Hadisəni törədən Hikmətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hikmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Şamxalı iki il olar kənd sakini kimi tanıyır, onunla arasında “salam-məlikləri və gediş-gəlişləri” olub: “Masallı rayonunun Yeddioymaq kəndində özümə məxsus adsız kafem var. Əvvəllər Şamxal mənim qardaşıma məxsus, hazırda ət kəsimi məntəqəsi kimi istifadə edilən yeri yandırmağa cəhd etdiyi üçün onunla aramızda ədavətimiz olub. Bu səbəbdən Şamxal işlətdiyim kafeyə uzun müddət gəlib-getməyib”.

Təqsirləndirilən şəxs bildirib ki, 8 fevral 2024-cü ildə Şamxalın onun kafesinə daxil olduğunu görüb: “Həmin vaxt masa yoldaşım ilə spirtli içki qəbul edirdim. Daha sonra Şamxala yaxınlaşdım, onu kafedən çölə çağıraraq söhbət etmək istədiyimi bildirdim. Şamxal da mənimlə razılaşaraq kafedən çölə çıxdı. Həmin vaxt Şamxaldan qardaşım Mərdanəliyə məxsus ət kəsimi məntəqəsini yandırmağa cəhd göstərməsinin səbəbini soruşdum. Aramızda sözlə mübahisə yarandı. Əsəbiləşərək Şamxalı qorxutmaq məqsədilə cibimdəki özümə məxsus bıçağı çıxardım, bir dəfə onun sol qarın nahiyəsinin aşağı hissəsinə qəsdən vurdum”. 

Hikmətin ifadəsinə görə, daha sonra Şamxalın yanında olan adlarını dəqiq bilmədiyi iki nəfər şəxs onu oradan uzaqlaşdırılar: “Onların hara getdikləri barədə məlumatım olmadı. Təxminən on dəqiqədən sonra atam kafeyə gələrək orada olan dayım oğlu ilə birlikdə məni yaşadığım evə apardılar. Yolda hərəkətdə olarkən atam və dayım oğlunun xəbəri olmadan üzərimdə olan bıçağı yol kənarına atdım. Daha sonra Masallı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığım evə gələrək məni polis şöbəsinə apardılar”.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Şamxal ilə ilk tanışlığı təsadüfi olub, sonradan aralarında yaxşı dostluq münasibətləri və mütəmmadi görüşləri olub: “Hazırki cinayət hadisəsinin səbəbini içkili olmam ilə əlaqələndirmişəm. Hadisə günü iki nəfərə üç “butulka” olmaqla, ümumilikdə iki litr “orqanik” adlı araq içmişik. Hadisə günü spirtli içki qəbul etməm hər hansı əlamətdar hadisə ilə bağlı olmayıb. Həmin günü saat 19-dan 22-dək masa yoldaşım ilə birlikdə spirtli içki qəbul etmişik. Şamxalla birinci kafeyə girəndə qapının ağzında söhbətimiz oldu. İçəri daxil olduqdan sonra ikinci dəfə söhbətə gedərkən bıçağı özüm ilə götürmüşdüm. Şamxal kafeyə gələndən sonra onu çölə söhbət etməyə özüm dəvət etmişəm. Bıçaqla vurandan sonra hadisə yerindəki şəxslərə onu gətirmələrini və xəstəxanaya aparacağını bildirdi. Lakin heç kəs məni eşitmədi. Şamxal özüm də mənim onu vurmağımı hiss etmədi. Şamxalı vurduğum balaca bıçağı kafenin mətbəxindən götürmüşdüm”. 

Hikmət qeyd edib ki, hadisə gecə, təxminən saat 21-22-də baş verib: “Polislər hadisədən sonra gecə vaxtı mənim yaşadığım evə gəldilər. Hadisədən sonra bıçağı kənara atdım və həmin vaxt özümdə olmamışam. Əvvəllər bıçaqdan kiməsə qarşı istifadə etməmişəm. Hadisə vaxtı Şamxalla aramızda nalayiq formada danışıq olmayıb. Şamxalı köhnə məsələyə görə bıçaqla vurmuşam, əməlimdən peşmanam. Şamxalla barışmışam, ona dəymiş maddi ziyan qardaşım tərəfindən ödənilib”. 

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Hikmət 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top