"Falçıların qəbulu həkim, psixoloq qəbulundan qat-qat bahadır" — İki nəfəri aldadıb 75 min manat mənimsədi

GÜNDƏM 23 noyabr 2024, 12:06
Bakıda iki nəfəri aldadaraq 75 min manat pul mənimsəyən falçı məhkəmə qərarı ilə həbs edildikdən sonra ev dustaqlığına buraxılıb."Qafqazinfo"da dərc olunan xəbərdə bildirilir ki, falçılıqla məşğul olan Nuridə (ad dəyişdirilib-red) dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. "Bandotdel" tərəfindən tutulduqdan sonra məhkəmə qərarı ilə həbs edilib. Lakin iki ay sonra ev dustaqlığına çıxa bilib. O, müştərilərini başlarına gələcək hər cür bədbəxt hadisələrdən qorumaq adı ilə onlardan ümumilikdə 75 min manat alıb.

Falçının əməllərindən zərər çəkənlərdən biri Ukrayna vətəndaşıdır. Anastasiya ali təhsillidir, xeyli müddətdir Bakıda yaşayır. Onu falçı ilə rəfiqəsi tanış edib. Elə zərərçəkmişin digəri də odur. Anastasiya falçıya üz tutmasının səbəbini mənəvi cəhətdən iztirablara məruz qalması ilə əlaqələndirir. Deyir ki, ailə üzvləri ilə arasının pisləşməsi, həmçinin azyaşlı övladının səhhətindəki səbəbsiz problemlər onun psixologiyasına pis təsir edib. Bütün bu problemlərlə üz-üzə olduğu bir vaxtda rəfiqəsi ona falçıya getməsini təklif edib. Ailəsinin dəstəyi nəticəsində ukraynalı xanım aldadıldığını dərk edərək polisə şikayət edib. İş üzrə ilkin istintaq bu yaxınlarda tamamlanıb. Yaxında məhkəmə araşdırması başlayacaq. Təqsiri sübuta yetirilərsə, xanım müttəhim 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Psixoloq Gülnar Orucova insanların falçılara üz tutmasının səbəblərindən Demokrat.az-a danışıb. Onun  sözlərinə görə, bu gün falçıların qəbul qiyməti psixoloq, həkim qəbulundan qat-qat bahadır:

“Hələ cadu edirəm deyib nələr-nələr mənimsəyirlər insanlardan. Pasientlər gəlib danışanda biz şoka düşürük. İnsan falçıya nə zaman gedir? Hər hansı bir problemi olanda, özü bu problemin öhdəsindən gələ bilməyəndə. Evində ailəsində narahatlıq, problem olan zaman bunun nə qədər davam edəcəyini, bitib-bitməyəcəyini bilmək istəyir. Konkret bir cavab almaq üçün falçılara müraciət edir. Bəzən baxırıq ki, kifayət qədər savadlı insanlar da falçılara gedirlər. Cəmiyyətdə müəyyən mövqeyə çatmış insan özünə rəqib gördüyü insanlara cadu etməklə məşğul olur. Sağlam rəqabət apara bilmir və bu cür yollara ət atır. Amma bu, düzgün deyil. Kimlər falçılara gedirlər? İradəsi zəif olanlar, özünə güvənməyənlər, gələcəklə bağlı qayğı, narahatlıq keçirənlər, hadisələri düzgün analiz edə bilməyənlər, bəzi insanlarsa gələcəkdə nəyin baş verəcəyini bilmək, hadisələri qabaqlamaq məqsədilə gedirlər. Anlamırlar ki, tora düşürlər. Dini nöqteyi-nəzərdən də baxsaq, falçıya getmək günahdır. Falçıya gedib nəyisə düzəltmək əvəzinə, həmin məsələ ilə bağlı bir mütəxəssisə müraciət etmək daha doğru olar. İndi son dövrlərdə xanımlar həyat yoldaşlarını özlərinə bağlamaq üçün falçılara gedirlər. Əgər bir insan ruhən sizin yanınızda deyilsə, onu cadu ilə özünüzə bağlamaqla nə əldə edəcəksiniz? Cismən yanınızda olmağının da bir mənası yoxdur”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top