Qaxda fındıq bağında dava: Kişi arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 20 noyabr 2024, 17:35
Qax rayonunda 1990-cı il təvəllüdlü Seymur qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nəsibəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 30 avqust 2024-cü ildə, saat 21 radələrində Qax rayonunun kəndlərindən birində baş verib. 

Seymur kəndin yaxınlığındakı fındıq bağında şam yeməyi əsnasında arvadı Nəsibənin tanışlarına qısqanması səbəbindən aralarında yaranmış ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı onu ilk öncə qəsdən baş nahiyəsinə və sifətinə yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törədib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş Nəsibə onun arvadıdır: 

“Hadisə baş verən gün Qax rayonun kəndindəki bağda oturmuşduq. Arvadım həmin  kənddə bağ alıb. Həmin bağın içərisində həyət evi də var. Mən Qax rayonunun digər kəndində qeydiyyatdayam, orada yaşayıram. Fındıq mövsümü olduğu üçün Nəsibəyə kömək etmək məqsədi ilə həmin kənddəki evə gəldim və orada qaldıq”. 

Seymur qeyd edib ki, həmin gün dostu Zaurun avtomobili ilə Nəsibə ilə birlikdə uşaqları naxoş olduğu üçün onu arvadının valideyinlərinin yaşadığı Zaqatala rayonuna aparıb: 

“Qaynanam da orada olub. Biz uşağı qoyaraq bir neçə saatdan sonra qayıtdım. Arvadım süfrə açdı. Süfrədə mən, Nəsibə, və sürücü kimi bizi Zaqatala rayonuna aparan həmkəndlimiz Zaur oturduq. Çörək yeyən zaman bir az araq və bir az da pivə içdim. Bu zaman Nəsibə ilə aramızda söhbət düşdü. Mən onu vurdum. Nəsibəni qısqandığım üçün vurmamışam. 

Heç zaman Nəsibəni, ailəmi heç kəsə qısqanmamışam. Sadəcə olaraq içkili olmuşam, özümdə olmamışam. Spirtli içkini sadəcə özüm qəbul etmişəm. Zaur və Nəsibə isə içməyiblər. Həmin vaxt heç özüm də bilməmişəm ki, mübahisə nə səbəbə düşüb. Nəsibə ilə münasibətlərimiz həmişə yaxşı olub. Nəsibə 4-5 aylıq hamilə olanda mən Rusiya Federasiyasına getmişəm, 11 aydan sonra geri qayıtmışam. Dava düşən zaman özümdə tam olmamışam. Nəsibəni ağacla, yaxud çubuqla vurmuşam. Lakin yumruqla vurmamı sərxoş olduğum üçün xatırlamıram”. 

Təqsirləndirilən şəxs deyib ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib və hər şeyi etiraf edib: 

“Hazırda əməlimdən peşmanam. Nəsibədən məni bağışlamasını xahiş edirəm”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəsibənin sözlərinə görə, təqsirləndirilən Seymur onun əridir, onlar hazırda küsülüdürlər: 

“Bizim hadisə baş verən günə qədər münasibətlərimiz çox əla olub. Avqustun 30-da, axşam vaxtı təxminən saat 9 radələrində şam yeməyinə hazırlaşdıq. Süfrədə pivə və araq olub. Mən az miqdarda pivə və çaxır içdim. Aramızda bəzən kiçik narazılıqlar olsa belə, həmişə qarşılıqlı razılığa gəlmişik, heç zaman yumruq davamız olmayıb. Hər zaman ortaq məxrəcə gələ bilmişik. Uşaqları dünyaya gələndə də Seymuru özüm çağırmışam. 

Seymur Rusiya Federasiyasından qayıdıb. Seymura dedim ki, uşaq sabah-birigün məktəbə gedəcək, gəlib soyadını versin, başqa heç bir şey tələb etmirəm. Seymurun qohumu olan dostuna da bu barədə yazmışam. Seymuru dəfələrlə bağışlamışam. Mən elə bir hərəkət etməmişəm ki, Seymur məni döysün, ictimaiyyət içində rəzil etsin. Mən kəndə döyülmək üçün getməmişəm, orada məhsulumu yığaraq balamı dolandıram Seymurla barışmıram. Seymur məni döyüb”.

Zərərçəkmiş qeyd edib ki, həmin gün o bir stəkan pivə, Seymur və Zaur isə hər biri 50 qram araq içib, qalanını isə əri stola vuraraq dağıdıb: 

“Zaqatalada olarkən qonşumuz məni görmək üçün gəldi. Seymur isə hörmətli çıxmısan deyərək mənimlə dalaşdı. Seymur yumruqla stolun künc hissəsinə vuraraq sındırdı. Nəticədə stolda olan əşyalar aşdı. Bundan sonra mən içəri girdim. Zaur bizi dalaşmağa qoymadı. Seymur məndən üzür istəyərək səhvin onda olduğunu dedi. Biz qucaqlaşdıq və barışdıq. Yenidən süfrəyə əyləşdik, musiqiyə qulaq asdıq. 

Mən həmin vaxt Seymura zarafatla özümə dayə tutacağımı, məni müdafiə etmədiyini, hər dəqiqə üstünə qışqırdığını, döyüşdüyünü dedim. Bu sözdən sonra Seymur dayənin mənim nəyimə lazım olduğunu deyərək məni vurmağa başladı. Sonra isə Seymurun əlindən qaçaraq polisə zəng etdim. Seymur məni yumruqla, paya ilə vurub, saplıcanı başıma vuraraq sındırıb. Seymurla barışmıram, ondan boşanacam”.

Bu cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Seymur 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs üzərinə Qax rayonunun kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat növbəti gün 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə olunub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top